“Rusiyanın AES-lə bağlı təklifi Ermənistanın ehtiyaclarını “bir əsr” təmin edə bilər” - Kalugin

2026/05/1778567202.jpg
Oxunub: 411     10:17     12 May 2026    
“Rusiya tərəfi Ermənistana böyük gücə malik AES layihəsi təklif edib və bu layihə ölkənin ehtiyaclarını “bir əsr” təmin edə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

“Rosatom” dövlət korporasiyası Ermənistana böyük gücə malik stansiya layihəsi təklif edib. Əgər Ermənistan rəhbərliyi bunu istəsəydi, həmin layihə ölkənin enerji ehtiyaclarını onilliklər, hətta əsrlərlə təmin edərdi. Eyni zamanda, bu layihə son istehlakçı üçün elektrik enerjisinin əlçatan tariflərini təmin edərdi ki, bu da digər məsələlərlə yanaşı, ölkə sənayesinin inkişafını ciddi şəkildə stimullaşdırardı”, - deyə diplomat vurğulayıb.

O diqqətə çatdırıb ki, Rusiya nüvə texnologiyaları sahəsində qlobal liderdir və Ermənistan üçün bu qədər vacib olan energetika sahəsində öz təcrübə və işləmələrini həmişə paylaşa bilər.

“Bununla yanaşı, Rusiya tərəfi rəqəmsallaşdırma sahəsində texnologiyalarını da bölüşməyə hazırdır. Bu gün bizim ölkə dünyada ən qabaqcıl həllərə malik üç dövlətdən biridir”, - deyə Kalugin bildirib.

Onun sözlərinə görə, xaricilər Rusiyada inkişaf etmiş internet-bankinq sistemini, eləcə də “dövlət xidmətləri və səhiyyənin rəqəmsallaşdırılması sahəsində nailiyyətləri” qeyd edirlər.

“Və bunlar “Rusiya təklifi”nin daxil etdiyi nümunələrdən yalnız bir neçəsidir”, - deyə Rusiya XİN departamentinin direktoru bildirib.

İkitərəfli münasibətlərin gələcəyindən danışan diplomat əlavə edib ki, Moskva İrəvanla birgə və qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirmək niyyətindədir.

“Məhz belə model ölkələrimiz üçün ümumi inteqrasiya birliklərində, yəni Avrasiya İqtisadi Birliyində, MDB-də və KTMT-də təsbit olunub. Biz Ermənistanla həmişə bərabər əsaslarla əməkdaşlıq etmişik, heç vaxt mədəni kodumuzu zorla qəbul etdirməmişik və kimlikdən, tarixi baxımdan mühüm simvollardan imtina etməyi tələb etməmişik. Erməni diasporunun öz “kiçik vətəni” ilə əlaqəsini qiymətləndirir və hörmət edirik”, - deyə Kalugin sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalugin   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin