Rusiya XİN: Aİ İrəvana Moskva ilə faydalı əlaqələrə alternativ təklif etmir

2026/05/1778565868.jpg
Oxunub: 624     09:56     12 May 2026    
Rusiya və Ermənistanı təhlükəsizlik sahəsində öhdəliklər bağlayır və Avropa İttifaqı İrəvana bu sahədə heç bir real alternativ təklif etmir.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

O vurğulayıb ki, Rusiya ilə Ermənistanı “ölkənin təhlükəsizliyini qoruyan” bir sıra müqavilələr birləşdirir.

“Bu arxitekturanın mühüm elementi KTMT olaraq qalır. Bizim üçün İrəvanın təşkilatdakı üzvlüyünü “dondurması” öhdəliklərin mahiyyətini dəyişmir. Belə zəmanətlərin nə ilə əvəz oluna biləcəyini təsəvvür etmək çətindir. Aİ himayəsi altında İrəvanda keçirilən sammitlər zamanı gördüyümüz kimi, heç kim real alternativ təklif etmir”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Rusiya öz növbəsində “təklif edə biləcəyi bir şeyi deyil, uzun illərdir real və effektiv şəkildə Ermənistanın sabitliyini və təhlükəsizliyini təmin edir”.

Kalugin Rusiya-Ermənistan təhlükəsizlik sazişləri sırasında 1992-ci ildə Türkiyə və İranla sərhədlərin rus sərhədçiləri tərəfindən qorunmasına dair müqavilələri, 1995-ci ildə hərbi bazanın yerləşdirilməsi haqqında sazişi və 1997-ci ildə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni də qeyd edib.

“Biz Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşıyıq. 2025-ci ilin nəticələrinə görə, onun xarici ticarət dövriyyəsinin 36 faizi bizim ölkənin payına düşüb, halbuki Aİ-nin payı təxminən 10 faizdir. Kənd təsərrüfatı məhsullarının 98 faizi və güclü spirtli içkilər ixracının 78 faizi Rusiya bazarına göndərilir. Xarici ticarət hesablaşmalarının 98 faizi milli valyutalarla həyata keçirilir. Ermənistanda yerli biznesin 4,2 milyard dollar investisiya həcminə malik onlarla layihəsi başlayıb. Rusiya enerji və ərzaq təhlükəsizliyinin təminatçısıdır. Eyni zamanda Ermənistan üçün həyati vacib məhsullar və enerji daşıyıcıları bazar qiymətlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə tədarük olunur”, - deyə Rusiya XİN departament rəhbəri yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin