Erməni oliqarx baş nazir postuna iddialı olmadığını açıqlayıb

2026/05/1778494793.jpg
Oxunub: 370     14:18     11 May 2026    
Erməni oliqarx, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan baş nazir postunu tutmaq istəmədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, o. bu barədə Ermənistanın Hrazdan bölgəsində sakinlərlə görüşü zamanı danışıb.

Tsarukyan bildirib ki, partiya lideri kimi öz namizədliyini irəli sürə bilsə də, belə bir məqsədi yoxdur.

“Tsarukyan baş nazir olmaq istəmir. Mən sizə söz vermişəm. Deyə bilərdim ki, partiyamın baş naziri mənəm, bu partiyanı yaratmışam, formalaşdırmışam, bu torpağın və suyun adamıyam. Amma artıq-əskik söhbətlərin yaranmaması üçün belə bir məqsədim yoxdur”, - deyə o qeyd edib.

Erməni partiya liderinin sözlərinə görə, baş nazir postu üçün partiyanın dörd potensial namizədi var.

“Baş nazir vəzifəsi üçün həm təcrübəsi, həm hazırlığı, həm əlaqələri olan, həm də nəticə göstərmiş dörd namizəd var. Əgər həmin mərhələyə çatmaq mümkün olsa, hamısını təqdim edəcəyəm və xalq öz qiymətini verəcək”, - deyə Tsarukyan bildirib.

O əlavə edib ki, ölkə rəhbərinin vəzifəsi təcrübəli və məsuliyyətli şəxsə həvalə olunmalıdır.

“Xalq qarşısında məsuliyyət daşıyan məmurun səhv etmək hüququ yoxdur. İşləmiş, təcrübəli insan olmalıdır ki, xalq üzərində təcrübələr aparılmasın”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin