Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya Xarici İşlər Nazirliyi ritorikanı sərtləşdirir, amma hələlik sərt addımlardan yayınır” başlıqlı məqlaəsində yazıb.
Nəşrə görə, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Avropa İttifaqının məqsədi Ermənistanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən ayırmaqdır.
“Biz dəfələrlə Cənubi Qafqazda və Ermənistana münasibətdə Brüsselin real məqsədləri barədə danışmışıq. Tərəfdaşlığın dərinləşdirilməsi, islahatlara dəstək və demokratiyaya yardım kimi gözəl şüarların arxasında tamamilə praktiki hesablamalar gizlənir: ölkəni etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən ayırmaq. Üstəlik, onilliklər ərzində ölkənin sabitliyini təmin edən alətlərə heç bir konkret alternativ təklif olunmur”, - deyə qurumdan bildirilib.
Müəllifin sözlərinə görə, rus diplomatlar əlavə ediblər ki, İrəvan KTMT ilə münasibətləri dondurmasına baxmayaraq, Moskvanın müttəfiqi, Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olaraq qalır.
Nəşrin yazdığına görə, rəsmi Moskva sərt ritorikaya baxmayaraq hələ də ümid edir ki, Ermənistan hakimiyyəti sonda “ağıllanacaq”, yaxud parlament seçkilərindən sonra hakimiyyətə ölkənin maraqlarını Qərb himayədarlarının tələblərindən üstün tutan milli qüvvələr gələcək.
“Hər bir halda, hətta sərt ritorikanın gücləndiyi şəraitdə belə, Rusiya hələlik Ermənistana qarşı həddindən artıq sərt addımlardan yayınacaq. İqtisadi xarakterli 1-2 təzyiq mümkündür, lakin hazırda hamı iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. Bundan sonra həm Ermənistan-Rusiya münasibətlərinin, həm də digər ölkələrlə əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyi aydın olacaq”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az