Ermənistan hökuməti Paşinyanın Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edib-etməyəcəyini açıqlamır

2026/04/1777546581.jpg
Oxunub: 431     18:14     10 May 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin növbəti sammitində iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “NEWS.am” nəşri məlumat yayıb.

“NEWS.am”ın sorğusuna cavab olaraq Ermənistan hökumətindən bildirilib: “Baş nazirin bütün səfərləri ilə bağlı zəruri məlumatlar vaxtında təqdim olunur”.

Nəşr xatırladıb ki, Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyasında iştirak etmək məqsədilə mayın 8-dən etibarən məzuniyyətdədir. O bildirib ki, məzuniyyət yalnız mayın 28-də dayandırılacaq, çünki həmin gün dövlət bayramı ilə bağlı müəyyən vəzifələri var.

“Paşinyanın bu açıqlamasından belə nəticə çıxarmaq olar ki, o, Astanaya getməyəcək və mayın 28-də Ermənistanda olacaq. Hələlik Paşinyanın sammitdə distant şəkildə iştirak edib-etməyəcəyi də məlum deyil.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderləri səviyyəsində növbəti iclas mayın 28-29-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin növbəti sammitində Ermənistanın Avropa İttifaqına üzvlük planının da müzakirə oluna biləcəyini istisna etməmişdi.

Putin Ermənistana seçim etməyi təklif edib: ya Avrasiya İqtisadi Birliyində qalmaq, ya da Avropa İttifaqına qoşularaq Avrasiya İqtisadi Birliyinin verdiyi bütün üstünlüklərdən məhrum olmaq.

Rusiya Prezidenti Paşinyana Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim məsələsini referenduma çıxarmağı da təklif edib. Bununla yanaşı, Putin İrəvana mümkün qədər tez qərar verməyi tövsiyə edib.

Bu gün “NEWS.am”ın müxbiri Dərələyəzdə təşviqat kampaniyasında iştirak edən Nikol Paşinyana Putinin sərt açıqlamaları ilə bağlı sual ünvanlasa da, Paşinyan cavab verməyib və tələsdiyini bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə “NEWS.am”a açıqlamasında qeyd edib ki, Putinin bu bəyanatlarında yeni heç nə yoxdur:

“Biz də həmişə demişik ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etməli olduğu vaxt gələndə, təbii ki, seçim edəcəyik. Burada yeni heç nə yoxdur. Hazırda biz Avrasiya İqtisadi Birliyinin üzvüyük və fəaliyyətimizi davam etdiririk. Həmçinin sirr deyil ki, Ermənistan xalqının Avropa ilə bağlı müəyyən gözləntiləri var. Qərar vermək vaxtı gələndə qərar verəcəyik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin