Ordu.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Moskva hesab edir ki, Tehran nüvə silahına sahib olmağa çalışmır. Bununla yanaşı, Rusiya özünü olduğundan “daha vacib göstərməyə” cəhd etmir və yardım təklifinin həm qəbulunu, həm də rədd edilməsini anlayışla qarşılayacaq. Rusiya sadəcə vəziyyətin tənzimlənməsinə və gərginliyin azaldılmasına öz töhfəsini verməyə çalışır”, - deyə o qeyd edib.
Putin diqqətə çatdırıb ki, Tehran hazırda “silahlı” nüvə proqramına can atmır.
“Biz bunu dəfələrlə eşitmişik. Yeri gəlmişkən, Beynəlxalq Atom Enerjisi Agentliyi də heç vaxt İranın nüvə silahına sahib olmaq istədiyinə dair sübutların olduğunu bildirməyib. Məncə, bu prosesin digər iştirakçıları da buna maraq göstərə bilərdi. Hesab edirəm ki, bu onlar üçün də qəbulolunan olardı. Niyə? Birincisi, biz hamımız bunun nə olduğunu və harada yerləşdiyini gördük. İkincisi, bütün bunlar BAEA-nın nəzarəti altına veriləcəkdi. Üçüncüsü, həmin uranın seyrəldilməsi prosesi də BAEA-nın nəzarəti altında təşkil olunacaq və şəffaf, təhlükəsiz şəkildə həyata keçiriləcəkdi”, - deyə Rusiya Prezidenti bildirib.
“Eyni zamanda bizim heç nəyə ehtiyacımız yoxdur. Bu, üzr istəyirəm ifadəmə görə, “siyasi qəddimizi nümayiş etdirmək” və “bizsiz heç kim heç nə edə bilməz” demək üçün deyil”, - deyə Putin vurğulayıb.
“Biz sadəcə, əgər bu hamı üçün məqbul olarsa, vəziyyətin gərginlikdən çıxmasına öz imkanlarımız daxilində töhfə vermək istəyirik. Əgər bu kiməsə uyğun deyilsə, buyursunlar. Biz istənilən vəziyyəti və bu çıxılmaz vəziyyətdən çıxmağa, sülh yolu ilə nizamlanmaya doğru irəliləməyə imkan verəcək hər hansı qərarı dəstəkləyəcəyik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az