Fars körfəzində “Mavi müharibə”: Tankerlərdən duzsuzlaşdırma zavodlarına keçən hədəflər

2026/03/1774243799.jpg
Oxunub: 312     10:22     08 İyun 2026    
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ilə analitiklər istər karbohidrogenlər, istər alüminium, istərsə də gübrələr olsun, ənənəvi olaraq xammal bazarlarının vəziyyətinə diqqət yetirirlər. Lakin zərbə altında qalan əsl strateji resurs şirin sudur.

Şirin su çatışmazlığı problemi dövrümüzün ən ciddi çağırışlarından biridir, lakin bu məsələ nadir hallarda davam edən silahlı münaqişələr kontekstində müzakirə olunur. ABŞ və İsrailin bu ilin fevralında başladığı əməliyyat su təhlükəsizliyinin hərbi fəaliyyətlərdən nə dərəcədə ciddi zərər görə biləcəyini aydın şəkildə nümayiş etdirdi. Bu yaxınlarda “Fortune” jurnalı qeyd edib ki, İranla müharibədə həlledici amil neft deyil, sudur.

Vaşinqtonun başlatdığı müharibə həm birbaşa dağıntılar, həm də iqtisadi və iqlim mexanizmləri vasitəsilə su ehtiyatlarının çatışmazlığı probleminə son dərəcə mənfi təsir göstərir. Problemin regional aspekti daha qabarıq görünür. Söhbət həyati əhəmiyyət daşıyan infrastrukturun birbaşa məhv edilməsindən gedir. Münaqişənin ən narahatedici təzahürlərindən biri su təchizatı obyektlərinə məqsədli hücumlar olub. Fars körfəzi ölkələri dünyanın ən su qıtlığı yaşayan dövlətləri olduğundan, onların duzsuzlaşdırma stansiyalarından asılılığı strateji zəifliyə çevrilib. Region dünya üzrə istehsal olunan duzsuzlaşdırılmış suyun təxminən 40 faizini təmin edir və sahilboyu ərazilərdə 400-dən çox zavod fəaliyyət göstərir.

“The Economist”in məlumatına görə, Fars körfəzinin quraq ərəb ölkələri getdikcə daha çox duzsuzlaşdırmaya arxalanırlar. Bu texnologiya Bəhreyn, Küveyt və Qətərin içməli su tələbatının 90 faizdən çoxunu, Oman üçün isə buna yaxın hissəsini təmin edir. Səudiyyə Ərəbistanında bu göstərici 70 faiz, Birləşmiş Ərəb Əmirliklərində isə təxminən 40 faizdir. Belə şəraitdə su infrastrukturu obyektlərinə vurulan istənilən ciddi zərər humanitar fəlakətlə nəticələnə bilər. Körfəz ölkələri minlərlə su təmizləmə qurğusundan asılıdır və onların ən məhsuldarları sahilboyu ərazilərdə yerləşir. Bu da onları raket və pilotsuz uçuş aparatı hücumları üçün asan hədəfə çevirir.

İran duzsuzlaşdırma imkanlarından daha az istifadə etsə də, Qərb mənbələri ölkədə su qıtlığının kifayət qədər ciddi olduğunu bildirirlər. Onilliklər ərzində tikilən bəndlər və genişmiqyaslı su götürülməsi ehtiyatların tükənməsinə səbəb olub. İran əhalisinin təxminən üçdə biri su çatışmazlığı ilə üzləşib. Mövcud vəziyyət nəzərə alınarsa, müharibənin Tehranın qonşu ölkələrlə su məsələləri üzrə onsuz da məhdud əməkdaşlığına kömək etməsi ehtimalı azdır. Eyni zamanda, münaqişə uzandıqca İran Fars körfəzindəki qonşularına su təchizatını dayandıra bilər. Lakin “The Economist” qeyd edir ki, ölkənin özündə də su ehtiyatlarının tükənməsi ehtimalı artır.

Mülki su infrastrukturlarına hücumlar ənənəvi olaraq müharibə cinayəti hesab edilir. Artıq ABŞ qüvvələrinin İranın Keşm adasındakı su təmizləmə stansiyasına zərbə endirdiyi barədə məlumatlar yayılıb. Bəhreyn isə öz növbəsində İranı duzsuzlaşdırma stansiyalarından birinə hücum etməkdə ittiham edib. Daha əvvəl Donald Tramp İranın elektrik stansiyalarını məhv etmək təhdidindən geri çəkildikdə, İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan etmişdi ki, cavab olaraq Fars körfəzi ölkələrinin su obyektlərinə zərbələr endirilə bilər.

“Macquarie” şirkətinin analitikləri xəbərdarlıq edirlər ki, duzsuzlaşdırma zavodları kimi əsas obyektlərə zərbə vurulması gərginliyin kəskin artması mərhələsinə çevriləcək. Bir neçə il əvvəl dərc edilmiş analitik hesabatlardan birində hesablanmışdı ki, əgər Səudiyyə Ərəbistanının su infrastrukturu sıradan çıxarılsa, 8,5 milyon əhalisi olan paytaxt Ər-Riyad bir həftə ərzində təxliyə edilməli olacaq.

Bir obyektin əhəmiyyətinin miqyası heyrətamizdir. Cübeyldə yerləşən kompleks gündəlik 1,6 milyon kubmetr su istehsal edir. ABŞ-nin krallıqdakı səfirliyi vaxtilə belə qiymətləndirmə vermişdi: Cübeyl stansiyası olmadan Səudiyyə hökuməti faktiki olaraq fəaliyyət göstərə bilməz.

Böyük ehtimalla, İranın regiondakı Qərbyönlü ölkələrin su infrastrukturlarına zərbə vurmaqdan çəkinməsi zəiflik deyil, düşünülmüş diplomatik addımdır. Qonşularının ən həssas infrastruktur halqasına hücum etməməklə Tehran faktiki olaraq onlara aydın mesaj göndərir: “Biz vəziyyəti daha da gərginləşdirmək imkanına malikik, lakin bunu şüurlu şəkildə etmirik. Ola bilsin ki, siz ABŞ-yə təzyiq göstərərək gərginliyin azaldılmasını tələb etməlisiniz”.

Birbaşa dağıntılarla yanaşı, münaqişə su ehtiyatlarına təsiri zamanla üzə çıxan, lakin daha az dağıdıcı olmayan mexanizmləri də işə salıb. Bu mexanizmlər qlobal xarakter daşıyır və regional müharibəni dünya miqyasında su sabitliyinə təsir edən amilə çevirir.

Belə ki, dünya karbamid və kükürd ixracının təxminən 50 faizinin keçdiyi Hörmüz boğazının bağlanması gübrə bazarında ciddi böhrana səbəb olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) vəziyyəti “son dövrlərdə qlobal əmtəə axınlarında baş verən ən sürətli və ciddi pozuntulardan biri” kimi qiymətləndirib. 2026-cı ilin fevralından mart ayına qədər karbamidin qiyməti təxminən 46 faiz artıb. Bu isə kənd təsərrüfatına birbaşa təsir göstərir. Dünyanın müxtəlif ölkələrində fermerlər gübrə almaqda çətinlik çəkir və bu da məhsuldarlığın azalmasına gətirib çıxarır.

Gübrələr və su ehtiyatları arasında əlaqə ikitərəflidir. Bir tərəfdən məhsuldarlığın azalması fermerləri itkiləri kompensasiya etmək üçün əkin sahələrini genişləndirməyə və ya suvarma məqsədilə daha çox su götürməyə məcbur edir ki, bu da artıq tükənməkdə olan su qatlarına əlavə yük yaradır. Digər tərəfdən, ərzaq böhranı uzunmüddətli perspektivdə dövlətlərin sabitliyini zəiflədir və onların suya qənaət edən texnologiyalara, həmçinin su infrastrukturuna investisiya imkanlarını məhdudlaşdırır.

Münaqişə həmçinin iqlimə və hidrologiyaya mənfi təsir göstərir. Mövcud məlumatlara görə, qarşıdurmanın ilk iki həftəsində atmosferə bir neçə milyon ton istixana qazı buraxılıb ki, bu da 84 ölkənin birlikdə illik karbon izi göstəricisindən çoxdur. Neft yataqları və infrastrukturun bombalanması nəticəsində his və zəhərli maddələrlə zəngin “qara yağışlar” yaranıb. Bu yağıntılar təkcə insanların sağlamlığı üçün təhlükə yaratmır, həm də səthi su mənbələrini çirkləndirir. Nəticədə, hərbi əməliyyatların bu cür nəticələri iqlim dəyişikliklərini sürətləndirir və onlar da öz növbəsində su təhlükəsizliyi üçün “təhdidlərin gücləndiricisi” rolunu oynayır. Pessimist proqnozlara görə, bu müharibənin iqlim izi onilliklər boyu hiss olunacaq və müharibə zonasından kənarda da qlobal su böhranını dərinləşdirəcək.

Münaqişənin siyasi nəticələri beynəlxalq su əməkdaşlığı sistemi üçün də son dərəcə mənfi ola bilər. Mülki su infrastrukturlarına hücumlar, hansı ki, Cenevrə konvensiyalarının pozulması hesab edilir, cəzasızlıq üçün təhlükəli presedent yaradır. Transsərhəd su mübahisələrinin kəskinləşdiyi şəraitdə beynəlxalq hüquq normalarının aşınması su mənbələrinə nəzarət uğrunda qarşıdurmaların artmasına səbəb ola bilər. Analitiklər bildirirlər ki, duzsuzlaşdırma zavodlarına hücumların davam etməsi təxminən 100 milyon insana xidmət göstərən həyati təminat sistemlərini sıradan çıxarmaq təhlükəsi yaradır. Tək bir zavodun məhv edilməsi alternativ mənbələrin demək olar ki, olmadığı ölkələrdə bütöv şəhərləri susuz qoya bilər.

Bu arada kənd təsərrüfatı üçün suya çıxış artıq yeni qaydalar müəyyən edir. Məhsuldarlığın artımı torpaq sahələrindən və aqrotexnologiyalardan daha az, sudan isə daha çox asılı vəziyyətə düşüb. Dünya Bankının ekspertləri hesablayıblar ki, planetin ekoloji sərhədləri daxilində cəmi 3,4 milyard insanı qida ilə təmin etmək mümkündür. Qalan ərzaq istehsalı isə resursların həddindən artıq istismarının nəticəsidir. Əsas problem nə qədər su sərf olunması deyil, onun ölkələr və iqtisadi sektorlar arasında son dərəcə qeyri-bərabər bölüşdürülməsidir. Ekspertlər hesab edirlər ki, həm aqrar sahənin arxitekturası, həm də büdcə siyasəti bu amili nəzərə almır. Nəticədə istehsal artır, lakin bununla yanaşı sistemli məhdudiyyətlər də yığılır.

Bu yaxınlarda Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun elmi rəhbəri Viktor Danilov-Danilyan bildirib: “Dünyada su böhranı dərinləşir. Su istehlakı artır, istifadəyə yararlı şirin su ehtiyatları isə azalır. Su ehtiyatlarının həcminə görə planetdə ikinci yerdə olan Rusiya bunun sayəsində həm iqtisadi üstünlüklər, həm də ciddi çətinliklər əldə edir”.

Ekspert vurğulayıb ki, əsas rol bərpa olunan su ehtiyatlarına məxsusdur. Onun qiymətləndirməsinə görə, son yüz il ərzində çirklənmə və həddindən artıq istehlak nəticəsində bəşəriyyət əlçatan su ehtiyatlarının təxminən 20 faizini itirib. Bu çatışmazlıq hələlik insanların həyatı üçün birbaşa təhlükə yaratmasa da, ucuz suyun getdikcə azalması qlobal iqtisadiyyatın yenidən formalaşmasına səbəb olacaq. Alimin fikrincə, çıxış yolu istehsal müəssisələrinin başqa regionlara köçürülməsi və istehlak strukturunun dəyişdirilməsidir.

Bu baxımdan ABŞ və İsrailin İrana qarşı müharibəsi su təhlükəsizliyinin qlobal sabitliyin ayrılmaz hissəsi kimi dərk edilməsində dönüş nöqtəsinə çevrilə bilər. Münaqişə göstərdi ki, su infrastrukturu artıq kommunal təsərrüfatın passiv elementi deyil, strateji hədəf və təzyiq alətidir.

Yaxın Şərqdəki regional böhran ərzaq və gübrə təchizat zəncirlərinin pozulması, iqlimə dəyən zərər və beynəlxalq hüququn aşınması vasitəsilə bütün dünyada su ehtiyatları siyasətinə ciddi mənfi təsir göstərir.

ABŞ, İsrail və İran arasındakı qarşıdurmada dünya ictimaiyyətinin diqqəti əsasən birbaşa itkilərə və geosiyasi nəticələrə yönəlib. Lakin su ehtiyatlarına və su infrastrukturuna vurulan zərər, görünür, lazımi qədər qiymətləndirilmir. Halbuki Fars körfəzində növbəti müharibə Yaxın Şərqin quraq bölgəsində su sistemlərinin kritik həssaslığını üzə çıxarmaqla yanaşı, planetin böyük hissəsində onsuz da gərgin olan su vəziyyətini daha da ağırlaşdıra biləcək qlobal nəticələrə səbəb olub.

Nəticələrin miqyası su sistemlərinin qorunmasına yanaşmaların köklü şəkildə yenidən nəzərdən keçirilməsini tələb edir. Milli hökumətlər su təchizatı mənbələrini şaxələndirməli, su təsərrüfatı infrastrukturunu mərkəzsizləşdirməli, onun dayanıqlığını və təhlükəsizliyini gücləndirməlidirlər. Beynəlxalq səviyyədə isə su infrastrukturlarına hücumlara görə məsuliyyət mexanizmlərinin yaradılması, eləcə də su təhlükəsizliyi məsələlərinin sülhyaratma və iqlim diplomatiyası gündəliyinə inteqrasiya olunması zərurəti yetişib. Ekspertlər vurğulayırlar ki, əks halda su çatışmazlığı ilə mübarizə istiqamətində atılan istənilən addım yeni müharibələr nəticəsində puça çıxa bilər və həmin müharibələrin əsas döyüş meydanı artıq neft yataqları deyil, duzsuzlaşdırma zavodları və su anbarları ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fars-körfəzi   ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin