Vaşinqton Tehrana memorandum çərçivəsində limanların blokadasını aradan qaldırmağı təklif edib

2026/05/1778086904.jpg
Oxunub: 386     09:35     07 May 2026    
Vaşinqtonun Tehranla bağlı təqdim etdiyi qarşılıqlı anlaşma memorandumu Hörmüz boğazının mərhələli açılmasına və İran limanları üzərində ABŞ blokadasının aradan qaldırılmasına aiddir, İranın nüvə proqramı üzrə danışıqların isə daha sonra aparılması planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Vaşinqton bir səhifəlik qarşılıqlı anlaşma memorandumu təqdim edib ki, bu da Hörmüz boğazının tədricən açılmasını və İran limanları üzərində ABŞ blokadasının ləğvini nəzərdə tutur. İranın nüvə proqramı üzrə ətraflı danışıqlar daha sonra keçiriləcək”, - deyə agentlik mənbəyə istinadən bildirib. Mənbə vurğulayıb ki, “hələlik heç nə razılaşdırılmayıb”.

Mənbənin sözlərinə görə, İranın ABŞ-nin təklifinə cavabını iki gün ərzində pakistanlı vasitəçilər vasitəsilə çatdırması gözlənilir.

Eyni zamanda agentlik diqqətə çatdırır ki, İran dövlət mediası “ABŞ-nin təklifinin bəzi müddəalarının hələ də İran rəhbərliyi üçün qeyri-real olduğunu işarə edib”.

Öz növbəsində “Axios” portalı ABŞ rəsmilərinə istinadən Vaşinqtonun Tehranın cavabını “yaxın 24-48 saat ərzində” gözlədiyini bildirir.

“Biz məqsədə çox da uzaq deyilik, amma hələ razılaşma yoxdur”, - deyə həmin rəsmilərdən biri “Axios”a bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Vaşinqtonun son 24 saat ərzində Tehranla uğurlu danışıqlar apardığını və yaxın vaxtlarda razılığa gəlməyin mümkün olacağını bildirmişdi.

“Əgər buna nail olsaq, onların nüvə silahı ola bilməz”, - deyə Tramp vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Tehran   ABŞ   İran  


Bizi "telegram"da izləyin