Estoniya Müdafiə Qüvvələrinin komandanı 2027-ci ili ölkə təhlükəsizliyi üçün kritik adlandırıb

2026/05/Ekran-1778088950.jpg
Oxunub: 361     21:38     06 May 2026    
Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo idarənin illik hesabatının təqdimatı zamanı gələn ilin ölkənin təhlükəsizliyi üçün kritik olacağını bəyan edib.

Ordu.az xəbər verir ki, ERR nəşri sənədin təqdimatı və komandanın çıxışındakı əsas məqamlar barədə məlumat yayıb.

Andrus Merilonun sözlərinə görə, 2027-ci il həlledici məqamdır, çünki təhdidlər artır və alternativ müdafiə həlləri tapmaq üçün vaxt məhduddur.

İllik hesabatın bir bölməsi Rusiyanın Ukraynadakı döyüş əməliyyatları ilə paralel şəkildə həyata keçirdiyi hərbi islahatlara həsr olunub. Rusiya ağır itkilərə baxmayaraq imkanlarını artırmağa davam edir.

Komandan Rusiyanın 10 ildən sonra NATO-ya hücum edə biləcəyi ilə bağlı fərziyyələri əsassız hesab edib. Onun sözlərinə görə, Alyans hər gün güclənir və Moskva bu tempi anlayır.

İllik hesabatda həmçinin HIMARS sistemləri üçün Amerika sursatlarının çatdırılmasında gecikmələr olduğu qeyd olunub ki, bu da birbaşa İranla müharibənin intensivliyindən asılıdır.

Gələcək çağırışlara hazırlaşmaq məqsədilə Estoniya ordusu yeni müharibə üsullarını tətbiq edəcək Gələcək İmkanlar və İnnovasiya Komandanlığını yaradıb.

Qeyd olunub ki, böhran və ya müharibə səbəbindən tam blokada yaranacağı halda Estoniyanın ərzaq ehtiyatları əhalini təxminən bir ay təmin etməlidir. Bundan sonra vətəndaşlar ən azı əlavə bir həftə özbaşına yaşamağa hazır olmalıdırlar.

Bu isə faktiki olaraq o deməkdir ki, hava, quru və dəniz yolu ilə tam təcrid vəziyyətində Estoniya ən azı 30 gün xarici əlaqələr olmadan avtonom fəaliyyət göstərə bilməlidir.

Eyni zamanda əhalinin ən azı yeddi gün öz gücü ilə sağ qalmağa hazır olması gözlənilir.

Yeni əsas strateji sənədə son yenilənmə 2023-cü ildə edilmişdi. Həmin vaxtdan etibarən beynəlxalq təhlükəsizlik mühiti ciddi şəkildə dəyişdiyindən ötən payızda yenidən baxılma prosesi başlanıb.

Yeni sənədin izahat hissəsində vurğulanır ki, Rusiya Estoniyanın və bütövlükdə Avro-Atlantik birliyin təhlükəsizliyi üçün ən böyük təhdid olaraq qalır. Bunun səbəbi Rusiyanın imperialist və aqressiv siyasətinin Avropanın təhlükəsizlik arxitekturasını dağıtmağa, qaydalara əsaslanan beynəlxalq nizamı sarsıtmağa və öz təsir dairəsini bərpa etməyə yönəlməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   2027   Ordu  


Bizi "telegram"da izləyin