Ordu.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi “hartpunkt” nəşrinə ABŞ tərəfindən hələ heç bir rəsmi qərarın verilmədiyini bildirib.
Berlin bu silah sistemləri ilə bağlı sorğunu ötən ilin iyul ayında təqdim edib.
Mümkün razılaşma dəyəri 1 milyard avrodan çox olan 400-ə qədər “Block Vb” raketinin alınmasını nəzərdə tutur. Bu silahlar Avropanın birgə ELSA proqramı çərçivəsində hazırlanan sistemlər istifadəyə verilənədək uzaqmənzilli imkanlar boşluğunu doldurmaq məqsədi daşıyır.
Almaniyanın sorğusunun baxılması ABŞ arsenalının İranla müharibədən sonra azalmasından təsirlənib. ABŞ qüvvələri həmin müharibədə çoxlu sayda raket istifadə edib. Öz ehtiyatlarını bərpa etmək ehtiyacı səbəbindən ABŞ ordusuna xarici müştərilərlə müqayisədə prioritet verilib.
ABŞ müharibə naziri Pit Heqset Almaniyada “Tomahawk”, SM-6 və “Dark Eagle” uzaqmənzilli sistemlərinin yerləşdirilməsi planlarının ləğv edildiyini təsdiqləyib. Bu raketlərin əvvəlki Bayden administrasiyası dövründə əldə olunan razılaşmalara əsasən 2025-ci ildən etibarən Almaniyada yerləşdirilməsi nəzərdə tutulurdu.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ABŞ-nin bu qərarı Almaniyanın müdafiə imkanlarında boşluq yaradır. Nazirlik hazırda alternativ həll yollarını araşdırır və ya Avropanın “Deep Precision Strike” sistemlərinin hazırlanmasını sürətləndirməyə çalışır.
Sevinc Əliyeva
Ordu.az