Tramp İranla nüvə sazişinə dair razılaşmanı açıqlayıb

2026/05/1777615708.jpg
Oxunub: 333     20:56     06 May 2026    
ABŞ prezidenti Donald Tramp PBS telekanalına müsahibəsində İranla genişmiqyaslı razılaşmanın hazırlandığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, sazişin Trampın 2026-cı il mayın 14-15-də Çinə planlaşdırılan səfərinədək imzalana biləcəyi bildirilir.

ABŞ lideri razılaşmanın əsas və güzəştsiz şərtlərindən birinin İranın nüvə yanacağının tam şəkildə ABŞ ərazisinə daşınması olduğunu bəyan edib. Trampın sözlərinə görə, bu, sadəcə “mümkün” variant deyil, Vaşinqtonun təsdiqlənmiş tələbidir.

Müzakirə olunan plana əsasən, Tehran yeraltı nüvə obyektlərinin fəaliyyətini dayandırmalı və uranın zənginləşdirilməsi proqramının 10 ildən artıq müddətə dondurulmasına razılıq verməlidir.

Eyni zamanda Tramp həmin müddət başa çatdıqdan sonra İrana yenidən uranı 3,67 faiz səviyyəsinədək zənginləşdirməyə icazə veriləcəyi barədə məlumatları qəti şəkildə təkzib edib.

Bu şərtlərin yerinə yetirilməsi müqabilində ABŞ sanksiya təzyiqlərini yumşaltmağa və İran aktivlərinin dondurulmasının ləğvi məsələsinə baxmağa söz verir.

Diplomatik proses Pakistan vasitəçiləri tərəfindən Tehranın kompromisə getməyə hazır olması ilə bağlı siqnalların ötürülməsindən sonra aktivləşib. Buna cavab olaraq Ağ Ev artıq Hörmüz boğazında həyata keçirilən “Project Freedom” hərbi əməliyyatını dayandırıb.

Tərəflərin bütün mübahisəli məsələlərin, o cümlədən dəniz yollarının təhlükəsizliyinin təmin olunmasının yekun razılaşdırılması üçün 30 günlük danışıqlar mərhələsinə keçəcəyi gözlənilir.

Donald Tramp razılaşmanın uğurlu olacağına “çox yaxşı imkanlar” olduğunu bildirsə də, danışıqların uğursuz nəticələnəcəyi halda son dərəcə sərt mövqeyini qoruyur.

Prezident vurğulayıb ki, yaxın zamanda razılıq əldə edilməsə, ABŞ yenidən aktiv hərbi əməliyyatlara qayıdacaq.

“Biz onları yenidən amansızcasına bombardman etməli olacağıq. Hər şey çox sadədir”, - deyə ABŞ lideri sözlərini yekunlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin