Ordu.az xəbər verir ki, Kiyevin tələb etdiyi paketə 1.200 ədəd KMU-572 JDAM quyruq dəsti və 332 ədəd KMU-556 JDAM quyruq dəsti ilə yanaşı FMU-139 alışdırıcı sistemləri, dəstək avadanlıqları, ehtiyat və təmir hissələri, eləcə də əlaqədar dəstək xidmətləri daxildir.
Sözügedən satış üzrə əsas podratçı kimi “Boeing” müəyyən edilib.
Yayımlanan bildirişdə qeyd olunub: “Təklif edilən satış Ukraynanın mövcud və gələcək təhdidlərlə mübarizə qabiliyyətini artıracaq, daha güclü hava hücumundan müdafiə potensialı ilə özünümüdafiə və regional təhlükəsizlik vəzifələrini yerinə yetirməsini dəstəkləyəcək”.
JDAM-ER-in imkanları
JDAM ailəsi idarə olunmayan bombaları dəqiq idarə olunan sursatlara çevirən sistem kimi seçilir. Genişləndirilmiş mənzilə malik ER versiyası isə hədəfləri 40 dəniz milinədək, yəni təxminən 74 kilometr məsafədən vurmaq qabiliyyətinə malikdir.
GPS/INS yönləndirmə sistemi və açılan qanad quruluşu sayəsində JDAM-ER daha təhlükəsiz məsafələrdən uzaqmənzilli hücum imkanı təqdim edərək təyyarələrin düşmənin hava hücumundan müdafiə sistemlərinə qarşı sağqalma qabiliyyətini artırır.
İstənilən hava şəraitində sabit və möhkəmləndirilmiş hədəflərə qarşı istifadə olunmaq üçün hazırlanan sursat Ukrayna tərəfindən 2023-cü ildən etibarən modernləşdirilmiş sovet dövrünə aid “MiQ-29” və “Su-27” döyüş təyyarələri vasitəsilə Rusiya logistika mərkəzləri, müdafiə xətləri və komanda məntəqələrinə qarşı uzaqmənzilli hücumlarda istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az