“Ekathimerini”: Ukrayna Yunanıstanda istehsal olunacaq İDP-lərin istifadəsinə nəzarəti saxlamaq istəyir

2026/05/Ekran-1778066335.jpg
Oxunub: 345     15:13     06 May 2026    
Ukrayna Yunanıstanın öz silahlı qüvvələri üçün lisenziya əsasında istehsal etməyi planlaşdırdığı insansız dəniz platformalarının necə istifadə olunacağına təsir imkanını saxlamaq istəyir.

Ordu.az “Ekathimerini” nəşrinə istinadən xəbər verir ki, yekun mərhələyə yaxınlaşan danışıqlar ciddi fikir ayrılıqları ilə üzləşib.

Ukrayna sistemlərin necə tətbiq olunacağı üzərində müəyyən nəzarəti saxlamaqda israr edir.

Afina isə bu tələbi rədd edib və bildirib ki, bu, xüsusilə Türkiyə ilə potensial münaqişə zamanı Yunanıstan ordusunun suverenliyini məhdudlaşdıracaq.

Yunanıstan Ukrayna istehsalı olan insansız dəniz platformalarının öz gəmiqayırma zavodlarında istehsalını qurmağı planlaşdırır. Bu addım iş yerlərinin qorunmasına və texnoloji müstəqilliyin təmin olunmasına kömək etməlidir.

İstehsalla yanaşı, ölkə Ukraynanın tammiqyaslı müharibə illərində hazırladığı və sınaqdan keçirdiyi unikal texnologiyalara çıxış əldə etməyi hədəfləyir.

2025-ci ilin oktyabrında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstan gəmiqayırma müəssisələrində birgə insansız dəniz sistemlərinin istehsalına başlamaq barədə razılığa gəliblər.

İstehsal hər iki ölkənin ehtiyaclarına xidmət edəcək: insansız dəniz platformalarının bir hissəsi Ukraynaya veriləcək, digərləri isə Yunanıstan Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək.

Layihənin maliyyələşdirilməsi artıq Yunanıstanın 2025-2036-cı illəri əhatə edən uzunmüddətli müdafiə satınalma planına daxil edilib.

Tərəflər həmçinin tərəfdaş ölkələrlə birgə müdafiə istehsalını maliyyələşdirən Avropa İttifaqının SAFE proqramından dəstək almağı planlaşdırırlar.

Layihə uğurla həyata keçirilərsə, Afina və Kiyev əməkdaşlığı sualtı platformaları da əhatə edəcək şəkildə genişləndirmək niyyətindədirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Yunanıstan  


Bizi "telegram"da izləyin