Ordu.az xəbər verir ki, o bu barədə İsveçin SVT telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, danışıqlar artıq inkişaf etmiş mərhələdədir. Şirkət razılaşmaların yekunlaşdırılması üçün hökumətlər və tərəfdaşlarla fəal işləyir.
“Saab” rəhbəri vurğulayıb ki, qərar ölkələr arasında siyasi razılaşmalardan asılıdır. Şirkət müqavilə təsdiqləndikdən dərhal sonra onu icra etməyə hazırdır.
Müqavilənin həyata keçirilməsi üçün əsas stimul kimi Ukraynaya ayrılan 90 milyard avroluq kredit göstərilir. Yohanssonun sözlərinə görə, bu, müqavilənin bir neçə ay ərzində, ən gec isə bu ilin sonuna qədər yekunlaşmasına imkan verəcək.
Xatırladaq ki, 2025-ci il oktyabrın 22-də Ukrayna ilə İsveç müdafiə sahəsində əməkdaşlığa dair niyyət bəyannaməsi imzalamışdı. Sənəd İsveç istehsalı “Gripen E” qırıcılarının Ukraynaya mümkün satışını da əhatə edirdi.
Həmin vaxt Ukraynanın almağı planlaşdırdığı təyyarələrin sayı 100 ilə 150 arasında qiymətləndirilirdi.
Lakin niyyət məktubu imzalansa da, tərəflər müqavilənin icrası istiqamətində ictimaiyyətə açıq addımlar atmayıblar. Buna baxmayaraq, “Saab” Ukraynanın potensial sifarişini qarşılamaq üçün “Gripen E” qırıcılarının istehsalını genişləndirməyi nəzərdən keçirir.
Bildirilirdi ki, yeni “Gripen E” təyyarələrinin tədarükü müqavilə imzalandıqdan üç il sonra başlaya bilər. “Saab” artıq ildə 20-30 təyyarə istehsal edə bilir və istehsal tempini daha da artırmağa hazırlaşır.
2025-ci il oktyabrın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 150 ədəd İsveç istehsalı JAS-39 “Gripen” qırıcısından ilkini artıq 2026-cı ildə, ehtimal ki, C/D versiyasında almağı gözlədiyini açıqlamışdı.
Bu kontekstdə 2025-ci ilin dekabrında Ukrayna və İsveçin ukraynalı pilotlar və texniki heyət üçün təlimlərin başlanmasını müzakirə etdiyi barədə məlumat yayılmışdı. Ukrayna ilə İsveç arasında qırıcı layihəsi üzrə əməkdaşlıq 2026-cı ilin başlanğıcı ilə yeni mərhələyə keçib.
2026-cı il fevralın 1-də məlumat verilmişdi ki, Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində nazirlər idarəolunan bombalar daşıyan təyyarələrə qarşı mühüm vasitə olacaq “Meteor” raketlərinin verilməsi imkanını da müzakirə ediblər.
Fevralın 13-də isə İsveçin müdafiə naziri Pol Yonson yeni ukraynalı həmkarı Mixail Fedorovla görüşdən sonra bildirib ki, Ukrayna Avropa İttifaqının 90 milyard avroluq kredit vəsaitinin bir hissəsini İsveç “Gripen” qırıcılarının alınmasına yönəltməyi planlaşdırır.
Martın 5-də Volodimir Zelenski mətbuat konfransında Ukraynanın İsveç və Fransa tərəfindən veriləcək ilk “Gripen” və “Rafale” qırıcıları üçün ilkin ödəniş etməyə hazırlaşdığını açıqlayıb.
Aprelin 17-də isə “Militarnyi” nəşri xəbər vermişdi ki, İsveç kralı XVI Karl Qustaf ilə birgə mətbuat konfransı zamanı Volodimir Zelenski Ukraynanın artıq 2026-cı ildə JAS 39 “Gripen” qırıcıları üzrə pilot hazırlığına başlamağı gözlədiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az