KİV: Çexiya Slovakiyanın nümunəsi ilə Bakıya yalnız silah satmaq deyil, həm də birgə müəssisə açmaq niyyətindədir

2026/04/1777448614.jpg
Oxunub: 576     11:34     01 May 2026    
Bu günlərdə Çexiyanın baş naziri Andrey Babiş Azərbaycanda səfərdə olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Çexiya Slovakiyanın nümunəsi ilə Bakıya yalnız silah satmaq deyil, həm də birgə müəssisə açmaq niyyətindədir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Azərbaycan Çexiyaya neftin ən böyük tədarükçüsüdür və idxalın 42 faizi onun payına düşür.

“Lakin Babişlə İlham Əliyev yalnız qaz və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyiblər, gündəlikdə hərbi sahə də olub.

“Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”, - deyə Azərbaycan Prezidenti Çexiyanın baş naziri ilə birgə mətbuat konfransında bildirib.

Azərbaycan mənbələri açıqlayıb ki, Azərbaycanda Çexiyanın müdafiə sənayesinə aid CSG qrupu yeni birgə müəssisə (VEXA DS) açacaq”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, şirkət uzun illərdir hərbi texnikanın servisi, təmiri və modernləşdirilməsi ilə məşğuldur və uzunmüddətli fayda vəd edən layihələrə üstünlük verir.

“Xatırladaq ki, 2025-ci ilin sonunda da məlumat vermişdik ki, İlham Əliyev Slovakiyadan artilleriya avtomatik sistemləri almaq niyyətindədir və Azərbaycanla Slovakiya özüyeriyən artilleriya qurğuları, sursat istehsalı sahəsində əməkdaşlığa başlamağı planlaşdırırlar: Slovakiya texnologiyası üstəgəl Azərbaycan pulu…

Artıq bu ilin fevralında “168.am” yazmışdı ki, qeyd olunan məsələ praktik mərhələyə keçir: Slovakiya ilə Azərbaycan iri müqavilə imzalayıb.

Söhbət 210 milyon avro dəyərində çərçivə sazişindən gedir. Bu müqavilə ilə SAM-120 avtomatik minaatanları tədarük ediləcək. Üstəlik, Slovakiyanın müdafiə naziri Robert Kalinyakın bildirdiyinə görə, ilk partiyaya 96 ədəd minaatan daxil olacaq.

2024-cü ildə isə “168.am” yazmışdı ki, Azərbaycan artilleriyasının çapını sovet standartından NATO standartına dəyişməyə davam edir və Azərbaycan Silahlı Qüvvələri Slovakiyadan sifariş edilən L-45 DITA 155 mm çaplı özüyeriyən haubitsaların ilk partiyasını alıb”, - deyə məqalədə bildirilib.

Müəllif vurğulayıb ki, DITA L-45 haubitsası vaxtilə Çexoslovakiyada istehsal olunan DANA özüyeriyən haubitsasının bazası əsasında hazırlanıb.

“Bundan əlavə, Çexiya istehsalı olan RM-70 “Vampire” yaylım atəşli reaktiv sistemi və DANA özüyeriyən artilleriya qurğusu Azərbaycan tərəfindən 44 günlük müharibədə istifadə olunub. Bundan əvvəlki dövrdə artıq məlum olmuşdu ki, Çexiya və Slovakiyadan silahlar İsrailin köməyi ilə Azərbaycana çatdırılıb.

2018-ci ildə Ermənistan müxtəlif hallarda çex rəsmilərinə məlumat vermişdi ki, Çexiya istehsalı olan DANA özüyeriyən haubitsaları və RM-70 yaylım atəşli reaktiv sistemləri Slovakiyadan İsrailə, oradan isə Azərbaycana çatdırılıb. Həmin vaxt hətta Çexiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri də etiraf etmişdi ki, onların satışını həyata keçirənlər Çexiya hakimiyyətinin icazəsinə malik olmayıblar.

2019-cu ildə isə həmin dövrdə Slovakiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Ermənistana səfər etmiş və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransı keçirmişdi. Onun diqqəti buna yönəldilmişdi ki, onların silahları Azərbaycanda birbaşa yox, vasitəçilər və üçüncü ölkələr, xüsusilə İsrail vasitəsilə peyda olur.

“Slovakiya ilə İsrail arasında ayrıca saziş olub, ayrıca sənədlər olub və orada son alıcının İsrail olduğu qeyd edilib. Biz bu məsələni bir neçə dəfə nazir Zöhrab Mnatsakanyanla da müzakirə etmişik. Hesab edirəm ki, məsələ bağlanıb. Biz hər şeyi bir-birimizə ətraflı izah etmişik, bir-birimizi başa düşmüşük. Düşünürəm ki, bu müzakirə dayanıb və davam etməyəcək, həmçinin müqavilə də dayandırılıb”, - deyə Layçak qeyd etmişdi.

Lakin elə həmin Layçak 44 günlük müharibədə Azərbaycanın qələbəsinin 5-ci ildönümünə həsr olunan Bakı hərbi paradında fəxri qonaqlar sırasında idi, Slovakiyadan başqa rəsmilər də iştirak etmişdi”, - deyə “168.am” vurğulayıb.

Müəllifin sözlərinə görə, İlham Əliyevin hərbi planlarında heç nə dəyişmir və o, 44 günlük müharibədən əvvəl, dərhal sonra və indi də əməkdaşlıq etdiyi ölkələrlə əlaqələri davam etdirir, üstəlik, bu əməkdaşlığı strateji səviyyəyə çatdırır.

“Bu halda söhbət Slovakiya və Çexiyadan gedir”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Slovakiya   Azərbaycan  


Bizi "telegram"da izləyin