Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib - FOTO

2026/04/1777445236.jpg
Oxunub: 325     10:25     29 Aprel 2026    
Belqrad şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Serbiya Xarici İşlər Nazirliyi arasında sayca üçüncü konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Ordu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Serbiya nümayəndə heyətinə isə Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Nataşa Raşeviç rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Serbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqi imkanları nəzərdən keçirilib.

Habelə iki ölkə arasında miqrasiya, ədliyyə, təhsil, əmək və sosial müdafiə sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə böhran vəziyyətlərində vətəndaşların konsulluq müdafiəsinin effektiv təmin edilməsi və əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı da fikir və təcrübə mübadiləsi aparılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Serbiya  


Bizi "telegram"da izləyin