Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tədbir Avropanın müxtəlif ölkələrinin liderlərini bir araya gətirəcək və Avropada təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf məsələləri müzakirə olunacaq.
Qeyd edilib ki, Avropa Siyasi Birliyinin 8-ci toplantısı “Gələcəyi qururuq: Avropada birlik və davamlılıq” şüarı altında keçiriləcək və qitənin müxtəlif ölkələrinin liderlərini toplayacaq.
Bildirilib ki, dərin geosiyasi dəyişikliklər dövründə liderlər demokratik dayanıqlığın gücləndirilməsi, əlaqələrin inkişafı, iqtisadi və enerji təhlükəsizliyinin yaxşılaşdırılması üçün əməkdaşlıq və koordinasiyanın necə möhkəmləndiriləcəyini müzakirə edəcəklər.
Məlumata görə, sammitə Avropa Şurasının prezidenti Antoniu Koşta və Ermənistanın baş naziri Nikol Paşinyan həmsədrlik edəcəklər. Toplantı Avropa İttifaqı-Ermənistan arasında ilk ikitərəfli sammit ərəfəsində baş tutacaq.
“48 dövlət və hökumət başçısı Avropa Siyasi Birliyinin 8-ci toplantısına dəvət olunub. Kanadanın baş naziri Mark Karni sammitdə qonaq qismində iştirak edəcək. Bu, ilk dəfədir ki, qeyri-Avropa ölkəsi toplantıda iştirak edir.
Dəvət olunmuş ölkələr sırasında Ukrayna, Avropa İttifaqının 27 üzv dövləti, Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Kanada, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monako, Monteneqro, Şimali Makedoniya, Norveç, San Marino, Serbiya, İsveçrə, Türkiyə və Birləşmiş Krallıq var.
Avropa Siyasi Birliyinin məqsədi ümumi maraq doğuran məsələlər ətrafında siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, həmçinin Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını möhkəmləndirməkdir. Birliyin artıq 7 toplantısı keçirilib. Avropa Siyasi Birliyinin növbəti sammiti 2026-cı ilin noyabrında İrlandiyada planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az