Ordu.az xəbər verir ki, təşəbbüs Polşanın baş naziri Donald Tusk və Ukraynanın baş naziri Yuliya Sviridenko tərəfindən Jeşuvda “Road to URC” konfransı zamanı təqdim olunub.
“Defence24”ə görə, layihəyə Avropa Müdafiə Fondunun da cəlb olunacağı gözlənilir.
Donald Tusk qeyd edib ki, aylarla Rusiya işğalını dəf edən Ukrayna hava hücumundan müdafiə və hava hücumlarına qarşı mübarizə sahəsində unikal təcrübə qazanıb.
Onun sözlərinə görə, bu təcrübə Polşanın müdafiə təcrübəsinin və hava məkanını qorumaq üçün praktiki imkanlarının bir hissəsinə çevrilməlidir.
O bildirib ki, Polşa pilotsuz uçuş aparatı donanması layihəsi birgə Avropa və milli maliyyələşdirmə, eləcə də Ukraynanın texnoloji təcrübəsi əsasında hazırlanacaq.
“Bu gün böyük məmnuniyyətlə elan edə bilərəm ki, Polşanın pilotsuz uçuş aparatları armadası yaratmaq planı həm də ukraynalı dostlarımızın pilotsuz uçuş aparatları sahəsində texniki ideyalarından və təcrübəsindən istifadəni nəzərdə tutur”, - deyə Tusk bildirib.
Ukraynanın baş naziri Yuliya Sviridenko müharibənin başlanmasından etibarən əhəmiyyətli dərəcədə inkişaf edən və dövlətin əsas elementlərindən birinə çevrilən Ukrayna müdafiə sektorunun ciddi transformasiyasını vurğulayıb.
Onun sözlərinə görə, əvvəlcə xaricdən yardım alan ölkə indi özü qabaqcıl hərbi həllər yaratmağa qadirdir.
Tuskun fikrincə, Polşa ilə əməkdaşlıq hər iki tərəfə, həm təhlükəsizlik sahəsində, həm də müdafiə sənayesinin və yeni iqtisadi layihələrin inkişafında fayda verə bilər.
Sviridenko qeyd edib ki, Polşa Ukraynanın ən mühüm tərəfdaşlarından biridir və müharibənin başlanmasından bəri ciddi dəstək göstərmiş ölkədir.
Polşada “WB Group” pilotsuz uçuş aparatlarının hazırlanmasında fəal iştirak edir və Ukraynada da pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.
Sevinc Əliyeva
Ordu.az