Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfirə yaxın günlərdə Kiyevdə Zelenski administrasiyasının dəstəyi ilə keçirilmiş görüşlə bağlı qəti etiraz bildirilib.
Həmin görüş Bundestaq deputatı, hakim “Xristian-Demokrat İttifaqı” partiyasının beynəlxalq məsələlər üzrə parlament komitəsinin üzvü Kizeveter ilə Rusiyada qadağan olunmuş “İçkeriya Çeçen Respublikası” terror təşkilatının rəhbəri, beynəlxalq axtarışda olan A. Zakayev arasında baş tutub.
Alman deputat Belqorod və Kursk vilayətlərində həyata keçirilmiş diversiya əməliyyatlarında fəal iştirak etmiş təşkilat terrorçularının anti-Rusiya fəaliyyətini alqışlayıb və onları Almaniya ilə fəal əməkdaşlığa çağırıb. Həmin əməkdaşlığa Almaniyada yaşayan rusiyalı relokantların cəlb olunması da daxildir. Məqsəd Rusiya Federasiyasında ictimai-siyasi vəziyyəti sabitlikdən çıxarmaq üçün fəaliyyət göstərməkdir.
Moskva Almaniya parlamenti deputatının cinayətkarlarla görüşünü alman hakimiyyətinin Rusiyanın daxili işlərinə məqsədyönlü müdaxilə etmək və milli təhlükəsizlik üçün təhdid yaratmaq niyyətinin təkzibedilməz sübutu kimi qiymətləndirir. Buraya Kiyev rejiminin himayəsi altında fəaliyyət göstərən terror strukturları ilə qarşılıqlı əlaqə də daxildir.
Alman tərəfi bu cür addımların dağıdıcı nəticələri barədə xəbərdar edilib. Rusiyaya qarşı düşmən addımlar qaçılmaz şəkildə uyğun cavab alacaq.
Sevinc Əliyeva
Ordu.az