Avropa İttifaqı onilliklər boyunca belə bir zərurət görməyib, təhlükəsizlik baxımından NATO-ya arxalanıb, NATO isə öz növbəsində bu funksiyanı əsasən ABŞ-yə “həvalə” edib. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə və Avropanın təhlükəsizliyi məsələsində ABŞ prezidenti Donald Trampın mövqeyi vəziyyəti dəyişib.
Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin redaksiya məqaləsi Avropa İttifaqının qeyri-rəsmi sammitinin nəticələrini qiymətləndirərək əminlik ifadə edib ki, qarşıdakı illərdə “müdafiə xərclərini artırmaq lazım gələcək, bu isə vətəndaş proqramlarının məhdudlaşdırılması deməkdir”.
Bu fonda Rusiya hökumətinin istefası, görünür, ehtimal kimi görünür. Hərçənd ötən həftəsonu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov baş nazir Mişustinin vəzifədən uzaqlaşdırılması barədə sosial media məlumatlarını “reallığa uyğun olmayan” kimi qiymətləndirib, Rusiya prezidentinin administrasiyası rəhbərinin müavini Maksim Oreşkin jurnalist Pavel Zarubinə eksklüziv müsahibəsində deyib ki, “iqtisadiyyatın mənfi dinamikasının səbəbləri dərindir”.
Bu, böyük ehtimalla, belə başa düşülməlidir ki, prezident Putin tərəfindən xüsusilə son beş ildə irəli sürülən Rusiyanın iqtisadi suverenliyə nail olmaq proqramı praktikada aşılmaz yükə çevrilib. Burada baş nazir Mişustin və ya hökumətin iqtisadi blokunun nazirləri yalnız formal baxımdan məsuliyyət daşıyırlar. ABŞ və Avropa İttifaqı sanksiyalarının “yalnız iqtisadiyyatı stimullaşdırdığı” barədə təbliğat əslində Rusiyanı böhran həddinə gətirib.
Sentyabrda Rusiyada Dövlət Dumasına seçkilər təyin edilib. Kommunist Partiyasının lideri Züqanov proqnozlaşdırıb ki, sosial-iqtisadi vəziyyət yaxşılaşmasa, payızda 1917-ci il “təkrarlanacaq”. Hesab etmək olar ki, Rusiyanın bir nömrəli kommunisti rəngləri tündləşdirib. Amma faktdır ki, Avropa İttifaqının hərbi-sənaye kompleksinin modernləşdirilməsi və inkişafı proqramı Rusiyaya silahlanma yarışını qəbul etdirmək və bununla da sosial-iqtisadi kollaps yaratmaq məqsədi güdür.
Vladimir Putinin bələdiyyə işçilərinin ümumrusiya müşavirəsinin iştirakçılarına ünvanladığı müraciətdə verdiyi son bəyanata əsasən, Rusiya Ukraynaya qarşı müharibəni “qələbə sonuna qədər” davam etdirmək niyyətindədir. Lakin bundan sonrakı qısa müddətdə vəziyyət dəyişib, özü də Rusiyanın xeyrinə deyil. Putin ənənəvi may paradına hazırlaşır. Bəlkə həmin gün çıxışında yeni ideya səsləndirəcək?
Asif Cəfərov
Ordu.az