Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Finlandiya hökumətini sərt tənqid edib və yaranmış vəziyyəti demək olar ki, İkinci Dünya müharibəsi ərəfəsi ilə eyniləşdirib. Həmin vaxt Finlandiya Almaniyanın müttəfiqi idi.
Səfir Kuznetsovun müsahibəsi Finlandiya tərəfinin məlumatından sonra verilib. Həmin məlumata görə, hökumət ölkə ərazisinə nüvə silahı daşınmasına icazə almaq üçün parlamentə müraciət edib. Müdafiə Nazirliyi bununla bağlı aydınlaşdırıb ki, söhbət müharibə vəziyyətində Finlandiya ərazisində nüvə silahının yerləşdirilməsindən gedir.
Rusiyanın reaksiyası dərhal gəlib. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə eksklüziv müsahibəsində bildirib ki, Finlandiya ərazisində nüvə silahının yerləşdirilməsinin hətta nəzəri imkanı belə Rusiyanın hərbi planlaşdırmasını dəyişməyə bilməz.
Dövlət Dumasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Kartopolov daha sərt ifadələr işlədib. O, TASS üçün vəziyyəti şərh edərkən sözün əsl mənasında deyib ki, Finlandiya öz ərazisində nüvə silahı yerləşdirməklə Rusiyanın strateji qüvvələrinin hədəfinə çevrilir.
Finlandiya, eləcə də İsveç Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra NATO-ya üzv olub. Rəsmi Kreml isə vəziyyəti elə təqdim edir ki, Şimali Atlantika Alyansı Rusiyanın Baltik dənizində təsirini məhdudlaşdırmağı, Kalininqrad vilayətini blokadaya almağı planlaşdırır. Rusiya ötən il Belarus ərazisində taktiki təyinatlı nüvə silahı yerləşdirib.
Hələlik Finlandiya parlamentinin hökumətin təklifini qəbul edəcəyi birmənalı deyil, amma bu ehtimal böyükdür. Avropanı nüvə çətiri altına almaq təklifi ilə Fransa prezidenti Emmanuel Makron çıxış edib. O, bir gün əvvəl Nikosiyada keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitindəki çıxışında bildirib ki, ABŞ, Rusiya və Çin Avropanın subyektliyinə qarşı hərəkət edir və Avropa yenidən oyanış yaşamalıdır.
Asif Cəfərov
Ordu.az