Merts müharibədən sonra Ukraynanın ərazisinin bir hissəsini itirə biləcəyini mümkün sayıb

2025/06/1749187986.jpg
Oxunub: 314     17:38     27 Aprel 2026    
Almaniya kansleri Fridrix Merts ehtimal edib ki, Ukrayna gələcəkdə Rusiya ilə bağlanacaq sülh sazişi çərçivəsində ərazilərinin bir hissəsinin Kiyevin nəzarətindən kənarda qalacağı fikri ilə barışmağa məcbur ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Reuters” agentliyinin məlumatına görə, o, belə güzəştləri ölkənin Avropa İttifaqına üzvlük perspektivi ilə əlaqələndirib.

“Bir mərhələdə Ukrayna atəşkəs sazişi imzalayacaq, daha sonra isə ümid edirəm ki, sülh müqaviləsi bağlayacaq. Həmin vaxt elə ola bilər ki, Ukrayna ərazisinin bir hissəsi artıq Ukraynaya məxsus olmasın”, - deyə Merts bazar ertəsi “Charlemagne Gymnasium” məktəbinin şagirdləri ilə görüş zamanı bildirib.

“Əgər Prezident Volodimir Zelenski bunu xalqına çatdırmaq, çoxluğun dəstəyini almaq və bu məsələ üzrə referendum keçirmək istəyirsə, o zaman eyni vaxtda insanlara deməlidir: “Mən sizin qarşınızda Avropaya aparan yolu açmışam”, - deyə Merts əlavə edib.

Ukrayna hazırda Avropa İttifaqına üzvlüyə namizəd statusuna malikdir.

Almaniya kansleri Merts sürətli üzvlüklə bağlı həddindən artıq nikbinlikdən çəkinməyə çağırıb və bəyan edib ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətində olduğu müddətdə birliyə qoşula bilməz. O vurğulayıb ki, Kiyev əvvəlcə Avropa İttifaqı üzv dövlətlərinə təqdim olunan müəyyən şərt və tələbləri yerinə yetirməlidir. Bu tələblər hüququn aliliyi və korrupsiyaya qarşı mübarizəni də əhatə edir.

“Zelenski Avropa İttifaqına 2027-ci il yanvarın 1-də qoşulmaq istəyirdi. Bu baş tutmayacaq. Hətta 2028-ci il yanvarın 1-i də real deyil”, - deyə “Reuters” Mertsin sözlərini sitat gətirib.

Agentlik xatırladır ki, Ukraynanın Avropa İttifaqına üzvlük prosesi Macarıstanın etirazına görə ləngiyirdi. Lakin Viktor Orbanın hakim partiyası parlament seçkilərində məğlub olduqdan sonra bu proses sürətlənə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Almaniya  


Bizi "telegram"da izləyin