NOZ: Almaniyada əqidəsinə görə hərbi xidmətdən imtina ərizələrinin sayı artır

2025/07/1751878710.jpg
Oxunub: 373     16:49     27 Aprel 2026    
Almaniyada əqidəsinə görə hərbi xidmətdən imtina etmək üçün müraciətlərin sayı sürətlə artmaqda davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Neue Osnabrücker Zeitung” (NOZ) qəzeti Ailə və Vətəndaş Cəmiyyəti İşləri üzrə Federal Qurumun (BAFzA) məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, yalnız 2026-cı ilin birinci rübündə artıq 2 656 nəfər belə ərizə təqdim edib ki, bu da 2024-cü ilin bütün göstəricisindən (2 249) çoxdur. Qəzet hesab edir ki, bu tendensiya davam edərsə, ilin sonuna qədər müraciətlərin sayı 10 mini keçə bilər. Bu isə ölkədə məcburi hərbi xidmətin ləğv edildiyi 2011-ci ildən bəri ən yüksək göstərici olacaq. Belə dinamikanın səbəbi təhlükəsizlik sahəsində gərgin vəziyyət və Almaniyada məcburi çağırışın bərpası ilə bağlı müzakirələrdir.

Müqayisə üçün, 2025-ci ildə ümumilikdə 3 879 müraciət təqdim olunub, 2023-cü ildə isə cəmi 1 079 nəfər hərbi xidmətdən imtina edib. Xidmətdən imtina edənlərlə yanaşı, əvvəlki qərarını ləğv edənlərin sayı da artır. Ötən il bununla bağlı 781 müraciət, bu ilin birinci rübündə isə artıq 233 müraciət qeydə alınıb. Əvvəlki illərdə bu rəqəm xeyli aşağı idi.

“Bundeswehr” üzrə son məlumata əsasən, ölkənin silahlı qüvvələrinin ümumi sayı hazırda təxminən 185 400 hərbçidir ki, bu da 2025-ci ilin martı ilə müqayisədə 3,3 min nəfər çoxdur.

2026-cı il yanvarın 1-dən Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun qüvvəyə minib. Qanuna əsasən, gənclər tibbi müayinədən keçməlidir və hərbi qeydiyyat bərpa olunur. “Bundeswehr” sıralarına qəbul hələ də könüllülük əsasında aparılır. Yeni qanuna görə, yetkinlik yaşına çatmış kişilər fiziki hazırlıq və Almaniya silahlı qüvvələrinə qoşulmaq istəyi barədə sualları cavablandıraraq anket doldurmalıdırlar. Qadınlar üçün bu anketlərin doldurulması könüllüdür.

Almaniyada məcburi hərbi çağırış 2011-ci ilin iyulunda ləğv edilib və bundan sonra ölkə peşəkar ordu sisteminə keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin