Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Belarus ordusundan polkovnik Vadim İlnitski təhvil prosesləri barədə açıqlamasında belə deyib: “Bu gün müasir ümumqoşun döyüşünün bütün tələblərini qarşılayan döyüş vasitələrini təhvil aldıq. Bunun yalnız ilk mərhələ olduğunu qeyd etmək istəyirəm. Yaxın gələcəkdə bu proses davam edəcək və vəzifələrimizi yerinə yetirmək üçün yeni silahlar, hərbi və xüsusi texnikalar almağa davam edəcəyik”.
T-72BM2 tanklarını təhvil alan bölmənin detalları və tankların sayı açıqlanmayıb.
Lakin Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntülərdə beş tanklıq partiyanın daşındığı görünüb.
Sözügedən briqada Belarus Qərb Əməliyyat Komandanlığına tabedir və qarnizonu Slonim şəhərində yerləşir. Briqadanın yerləşdiyi nöqtənin Polşa sərhədindən təxminən 100 km qərbdə, Litvaniyadan 110 km-dən bir qədər çox şimal-qərbdə və Ukraynadan isə təxminən 125 km cənubda olduğu bildirilir.
Modernləşdirmə detalları və diqqətçəkən çatışmazlıqlar
Modernləşdirilmiş Belarus istehsalı T-72BM2 tankı ilk dəfə 2022-ci ilin iyulunda təqdim edilib. Həmin vaxtdan bəri məhdud sayda vasitə sahədə sınaqdan keçirilib.
T-72BM2-nin hazırlanması və modernləşdirilməsi Minsk yaxınlığındakı Borisovda yerləşən 140-cı Zirehli Təmir Zavodunda çalışan mühəndis və konstruktorlar tərəfindən həyata keçirilib.
Aparılan modernləşdirmədə müasir münaqişələrdən əldə edilən təcrübələrin nəzərə alındığı bildirilsə də, yayımlanan görüntülərdə qəfəs zireh, radioelektron mübarizə sistemləri və ya aktiv müdafiə sistemləri kimi pilotsuz uçuş aparatlarına qarşı qoruma elementlərinə rast gəlinmir. Daha əvvəl, 2022-ci ildə tanklar ilkin versiya “barmaqlıq” tipli konstruksiyalarla nümayiş etdirilmişdi.
T-72BM2 standartına yüksəldilən T-72B tanklarında optik və termal görüntüləmə kanallarına, raket yönəltmə kanalına və lazer məsafəölçənə malik yeni çoxkanallı nişançı müşahidə sistemi daxil olmaqla atəşə nəzarət sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib.
Atəş dəqiqliyini artıran meteoroloji sensorlar, külək, maililik və yalpa sensorları, həmçinin barıt yükünün temperatur sensoru da yenilənib. Avtomatik atəş düzəlişləri edə bilən yeni ballistik kompüter sistemə inteqrasiya edilib, komandirin də silahı idarə edib atəş aça bilməsini təmin edən “Double” rejimi əlavə olunub.
Tank həmçinin komandir və sürücü üçün müasir optik və termal müşahidə sistemləri ilə təchiz olunub. Əsas mühərrik işə salınmadan sistemlərə enerji verə bilən köməkçi dizel generatoru da vasitədə yer alır.
T-72BM2-nin digər önə çıxan xüsusiyyəti isə Belarus tərəfindən hazırlanan və vizual olaraq Rusiya istehsalı “Relikt” zirehinə bənzəyən yeni partlayıcı reaktiv zireh sistemidir. Lakin analitiklər zireh yerləşdirilməsində yuxarı ön gövdə, qüllənin ön yuxarı plitəsi və “décolletage” adlandırılan bölgələr də daxil olmaqla ciddi zəiflik sahələrinin olduğuna diqqət çəkirlər.
Sevinc Əliyeva
Ordu.az