İsrail İran müharibəsi zamanı BƏƏ-yə “Dəmir Günbəz” yerləşdirib

2026/04/1777271471.jpg
Oxunub: 539     10:28     27 Aprel 2026    
İsrail İranla yaşanan müharibənin erkən mərhələsində Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi və bu sistemi işlətmək üçün hərbi personal göndərib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Söhbətgedən yerləşdirmənin, iki ölkə arasında hərbi və təhlükəsizlik əməkdaşlığında yeni səviyyəyə işarə etdiyi bildirilib.

Güclü hücumlardan sonra dəstək tələbi

Xəbərə görə, İran müharibə müddətində Birləşmiş Ərəb Əmirliklərini intensiv şəkildə hədəfə alıb. BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, ölkəyə təxminən 550 ballistik və qanadlı raket, eləcə də 2.200-dən çox pilotsuz uçuş aparatı yönəldilib.

Hücumların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alınsa da, bəzi sursatların hərbi və mülki hədəflərə düşdüyü bildirilib. Bu inkişaflardan sonra BƏƏ-nin müttəfiqlərindən dəstək istədiyi qeyd olunub.

“Dəmir Günbəz” ilk dəfə üçüncü ölkəyə göndərildi

“Axios”un məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirdiyi görüşdən sonra İsrail Müdafiə Qüvvələrinə bir “Dəmir Günbəz” batareyası ilə birlikdə onlarla personal göndərilməsi barədə göstəriş verib.

Rəsmilər bunun “Dəmir Günbəz” sisteminin ilk dəfə başqa ölkəyə yerləşdirilməsi olduğunu bildiriblər. Həmçinin BƏƏ-nin, ABŞ və İsraildən başqa bu sistemi istifadə edən ilk ölkə olduğu vurğulanıb.

İsrailli bir rəsmi sistemin İran tərəfindən buraxılan onlarla raketi uğurla məhv etdiyini deyib.

Hava əməliyyatları və hərbi koordinasiya

Xəbərdə İsrail ilə BƏƏ arasında müharibə müddətində hərbi və kəşfiyyat koordinasiyasının intensiv şəkildə davam etdiyi vurğulanıb. İsrail Hərbi Hava Qüvvələrinin İranın cənubunda yerləşən qısa mənzilli raket ünsürlərinə qarşı çoxsaylı hava zərbələri endirdiyi bildirilib.

Bu əməliyyatların BƏƏ və digər Körfəz ölkələrinə yönəlmiş təhdidləri azaltmağı hədəflədiyi qeyd olunub.

Siyasi təsirlər və regional həssaslıqlar

İsrail hərbçilərinin BƏƏ ərazisində yerləşdirilməsinin regional baxımdan həssaslıq yarada biləcəyi qiymətləndirilsə də, BƏƏ rəsmilərinin müharibənin bu yanaşmanı dəyişdirdiyini bildirdiyi qeyd olunub.

Bir BƏƏ rəsmisi ölkənin müdafiəsinə töhfə verən aktorların ictimaiyyətdə müsbət qarşılandığını bildirib, İsrail tərəfində isə bu qərarın daxili ictimaiyyətdə müzakirə yarada biləcəyi vurğulanıb.

Əməkdaşlıq yeni səviyyəyə çatdı

“Axios”un xəbərinə görə, 2020-ci ildə imzalanan normallaşma sazişindən sonra İsrail ilə BƏƏ arasında hərbi və təhlükəsizlik əməkdaşlığı müharibə dövründə ən yüksək səviyyəyə çatıb.

BƏƏ Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmilərindən Tariq əl-Oteyba deyib: “Başda ABŞ və İsrail olmaqla bəzi ölkələr hərbi dəstək, kəşfiyyat paylaşımı və diplomatik dəstəklə real mənada yardım göstərdi”.

Yüksək səviyyəli bir BƏƏ rəsmisi isə “Bunu unutmayacağıq” deyərək göstərilən dəstəyin strateji əhəmiyyətinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   BƏƏ  


Bizi "telegram"da izləyin