Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vahe Davtyan deyib.
Erməni politoloq qeyd edib ki, təxminən 2500 km uzunluğunda olan həmin dəmir yolu xəttinin məqsədi Almaniyanın Mesopotamiyanın neft ehtiyatları ilə zəngin bölgələri ilə birbaşa əlaqəsini təmin etmək idi.
“Buraya indiki İraqın, Küveytin, Səudiyyə Ərəbistanının şimalının və Suriyanın şərq əraziləri daxil idi ki, həmin dövrdə bunlar Osmanlı imperiyasının tərkibində idi.
Bu sistemdə əsas qovşaq Şatt əl-Ərəb çayı sahilində yerləşən Bəsrə limanı idi və Fars körfəzinə çıxış nöqtəsi kimi qiymətləndirilirdi. Layihə dərhal Böyük Britaniyanın geosiyasi maraqları ilə ziddiyyətə girdi. Nəticədə 1913-cü ildə Fars körfəzi və Küveytin statusu ətrafında aparılan ingilis-alman-fransız danışıqları ilə müəyyən edildi ki, dəmir yolu Bəsrədə başa çatmalıdır və körfəzə birbaşa çıxışı olmamalıdır. Bu qərarla Britaniya faktiki olaraq Osmanlı ərazilərində təsirini yenidən təsdiqlədi və bunun uzunmüddətli nəticələri sonrakı dövrlərdə də hiss olundu”, - deyə Davtyan qeyd edib.
TRIPP (Zəngəzur dəhlizi-red.) adlı növbəti infrastruktur layihəsinin bölgədə planlaşdırılması barədə suala cavabında Davtyan bildirib ki, tarixi təcrübə indiki prosesləri anlamaq baxımından da vacibdir.
“Bu gün Zəngəzurdan keçməsi planlaşdırılan dəhlizə yalnız iqtisadi səmərəlilik baxımından deyil, siyasi nəticələr prizmasından baxmaq lazımdır. İstənilən dəhliz məntiqi ərazinin funksional şəkildə yenidən formalaşdırılmasını nəzərdə tutur və onu elə zonaya çevirir ki, burada əsas məsələ dövlətin suveren maraqları yox, xarici qüvvələrin strateji tələbləri olur. Ermənistan üçün burada bir sıra risklər yaranır.
Birincisi, suverenliyin eroziyasıdır. Yəni infrastrukturun nəzarəti, təhlükəsizliyi və ya idarəçiliyi milli yurisdiksiyadan kənara çıxa bilər. İkincisi, ölkə daxilində iqtisadi və siyasi asılılıqların dərinləşməsidir, çünki kommunikasiya xətləri milli inkişaf üçün deyil, xarici mərkəzlərin maraqlarına xidmət etməyə başlayır. Nəhayət, təhlükəsizlik sisteminin həssaslığıdır, çünki belə dəhlizlər çox vaxt təkcə iqtisadi deyil, həm də hərbi-siyasi təzyiq alətinə çevrilir”, - deyə erməni politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az