“The Sunday Times”: Rusiya ordusunda ərzaq çatışmazlığı səbəbindən adamyeyənlik halları qeydə alınıb

2026/04/1777267622.jpg
Oxunub: 430     09:20     27 Aprel 2026    
Ukraynaya müdaxilədə iştirak etmiş bir neçə rus hərbçisi ərzaq çatışmazlığı səbəbindən adamyeyənliyə əl atıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Sunday Times” Ukrayna hərbi kəşfiyyatına, o cümlədən fotoşəkillərə və təxminən on rus zabiti tərəfindən ələ keçirilmiş audioyazılara istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “Hava Hücumundan Müdafiə Qüvvələrinin qəhrəmanları”nın öz silahdaşlarını yeməsi ilə bağlı azı beş hadisə var.

Hadisələrdən biri 2025-ci ilin noyabrında Donetsk vilayətinin Mirnoqrad yaxınlığında baş verib. Təqdim olunan sübutlara əsasən, 51-ci qvardiya ümumqoşun ordusunun 5-ci əlahiddə qvardiya motoatıcı briqadasının 95-ci alayında xidmət edən, “Topal” çağırış işarəli piyada iki silahdaşını öldürüb və onlardan birinin ayağını yeməyə cəhd edib. “Telegram” mesajında anonim zabit bu barədə briqadanın kəşfiyyat taborunun komandir müavini Vladislav Razikovə məlumat verib. O, həmçinin kəsilmiş ayağın fotosu da daxil olmaqla şəkillər göndərib. “The Sunday Times”a görə, görüntülər xüsusi proqram təminatı ilə təhlil edilib və hər hansı montaj və ya saxtalaşdırma izi aşkar olunmayıb.

Şəkilləri araşdıran müstəqil hərbi cərrah bildirib ki, xəsarətlər döyüş yaralarına bənzəmir və ehtimal ki, iti alətlə yetirilib. Audioyazılarda zabit hadisəni “insident” kimi təsvir edərək iddia edib ki, hərbçi zirzəmidə insan ətini doğramağa çalışarkən tapılıb. O, saxlanılmağa cəhd zamanı atəş açdığını və öldürüldüyünü deyib. Zabit həmçinin hərbçilərinin “aclıq rasionunda” olduğunu və ciddi şəkildə arıqladıqlarını bildirib.

Digər şifrələnmiş danışıqlarda da adamyeyənlik hallarından bəhs olunur. Məsələn, ötən ilin aprelində “Most” çağırış işarəli hərbçi komandirinə xidmət yoldaşından şikayət edərək onun “insan əti yediyini” deyib. 2025-ci ilin oktyabrında 1437-ci motoatıcı alayın komandiri tabeliyində olan şəxsi oxşar hərəkətlərdə ittiham edib və ondan “insan yeməyi” dayandırmağı tələb edib. Başqa bir məlumatda isə 55-ci motoatıcı briqadanın qərargah rəisi adamyeyənliyi, həmçinin alkoqol və narkotik istifadəsini qadağan edən əmr verib.

Ukrayna tərəfi həmçinin əsir götürülmüş rus hərbçilərinin sayının artdığını və onların ərzaq çatışmazlığından şikayət etdiklərini bildirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı və “Rand” korporasiyasının əməkdaşı Bredli Martin qeyd edib ki, Rusiya ordusunun təchizat problemləri ilə bağlı məlumatlar inandırıcı görünür, çünki qoşunların təminatı Rusiya komandanlığı üçün prioritet deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ordu   Ərzaq-çatışmazlığı  


Bizi "telegram"da izləyin