Ordu.az xəbər verir ki, bu barədə “Ansa” məlumat yayıb.
“Trampdan heç nə eşitməmişəm, amma ABŞ ilə münasibətlər əvvəlki kimi möhkəmdir”, - deyə Meloni Kiprdə keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammiti zamanı jurnalistlərə bildirib.
NATO-nun digər üzvləri kimi Trampın tələbi ilə İtaliyanın da artırdığı müdafiə xərcləri mövzusuna toxunan Meloni belə izah edib: “Mən deməmişəm ki, hərbi xərclər prioritet deyil, demişəm ki, bu gün çox vacib prioritetlərimiz var. Müdafiə xərcləri vacib olaraq qalır, amma enerji problemimiz varsa, anlayırsınız ki, təəssüf ki, birinci yerdə duran prioritet var. Biz dəyişən şəraitə uyğun olaraq mövqelərimizi uyğunlaşdırmalıyıq”.
Yaxın Şərq mövzusunu şərh edən İtaliyanın baş naziri İsrail-Livan sərhədində beynəlxalq mövcudluğun qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, İtaliya Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyasında iştirak etməklə vəziyyəti yaxşıya doğru dəyişə bilər və bu barədə Livan Prezidenti Cozef Aun ilə danışıb.
Rusiya Prezidenti Vladimir Putinin yenidən “Böyük İyirmilik” (G20) toplantısına buraxılması məsələsinə toxunan Meloni deyib ki, indi ona güzəştə getməyin vaxtı deyil.
“Məncə, bu elə məqamdır ki, addımları biz ondan tələb etməliyik, ona qarşı addım atan tərəf biz olmamalıyıq. Düşünürəm ki, bunu Rusiyadan tələb etməyin vaxtıdır”, - deyə Meloni bildirib.
Sevinc Əliyeva
Ordu.az