Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında Almaniyanın hərbi dəniz qüvvələrinin yerləşdirilməsinin əsas şərti ilk növbədə döyüş əməliyyatlarının dayandırılmasıdır.
“Axı biz Avropanın ən böyük silahlı qüvvələrindən birinə sahibik və buna görə məsuliyyət daşımalıyıq. Eyni zamanda anlayırıq ki, həddindən artıq yüklənə bilmərik. Donanmamız minaların aşkar edilməsi və zərərsizləşdirilməsi sahəsində çox yüksək bacarıqlara malikdir. Məhz bu qabiliyyətlərə fokuslanacağıq. Bizim təqdim edə biləcəyimiz əsas töhfə də budur: Hörmüz boğazında azad və təhlükəsiz gəmiçiliyin təmin olunmasına dəstək vermək”, - deyə Pistorius qeyd edib.
Nazir bildirib ki, regionda yerləşdirmə yalnız Bundestaqın mandatı olduğu halda mümkündür.
“Vaxt itkisinin qarşısını almaq üçün qərar verdik ki, Alman bölmələrinin bir hissəsini əvvəlcədən Aralıq dənizinə göndərək ki, mandat təsdiqləndikdən sonra əlavə vaxt itirməyək. Mən eyni addımı Qırmızı dənizdə Aİ-nin “Aspides” dəniz missiyasının başlanması zamanı da atmışdım. O zaman iştirak edən freqatı əvvəlcədən Aralıq dənizinə göndərmişdim və Aİ qərarını, eləcə də Bundestaqın mandatını gözləyirdik. Bu, yerləşdirmənin başlanmasını xeyli sürətləndirdi”, - deyə Almaniyanın müdafiə naziri bildirib.
O əlavə edib ki, yaxın vaxtlarda Almaniya Aralıq dənizinə mina təmizləyən gəmi göndərəcək və ona komanda-təchizat gəmisi də ayrılacaq.
“Hörmüz boğazında dəstəyin təmin olunması üçün biz müvəqqəti olaraq və məntiqli şəkildə digər bölgələrdəki öhdəliklərimizi tərəfdaşlarımızla razılaşdırılmış formada azaldacağıq”, - deyə Pistorius vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az