ABŞ Hərbi Hava Qüvvələri F-15EX parkını 267 təyyarəyə çatdırmağı planlaşdırır

2026/04/1777100813.jpg
Oxunub: 484     11:04     25 Aprel 2026    
ABŞ Hərbi Hava Qüvvələri F-15EX “Eagle II” döyüş təyyarəsi parkını əhəmiyyətli dərəcədə genişləndirmək qərarı verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Mövcud planlamaya görə, hədəflənən donanma həcmi 129 təyyarədən 267 təyyarəyə çatdırılacaq.

Tədarük planı genişləndirildi

Yenilənmiş tədarük strategiyası çərçivəsində 2027-ci maliyyə ili büdcəsinə 24 ədəd F-15EX təyyarəsi tələbi də daxil edilib. ABŞ Hərbi Hava Qüvvələri rəsmiləri bu artımın modernləşdirmə prosesinin mühüm hissəsi olduğunu bildiriblər.

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib: “Bu plan mövcud F-15EX bölmələrinin tamamlanmasını təmin edəcək və bundan sonra köhnələn F-15E parkının yenilənməsinə başlanacaq”.

Mövcud vəziyyət və sifarişlər

ABŞ Hərbi Hava Qüvvələrinin inventarında hazırda təxminən 25 ədəd F-15EX var, “Boeing” ilə isə 100-dən çox təyyarə üçün müqavilə imzalanıb. F-15EX qabaqcıl avionik, “fly-by-wire” uçuş idarəetmə sistemi və müasir radioelektron mübarizə imkanları ilə əvvəlki F-15 variantlarının qabaqcıl versiyası kimi önə çıxır.

Digər platformalarla birlikdə tapşırıq yerinə yetirəcək

ABŞ Hərbi Hava Qüvvələri rəsmiləri F-15EXin F-35A ilə birlikdə tapşırıq yerinə yetirəcək şəkildə planlaşdırıldığını açıqlayıblar. Fərqli platformaların balanslı istifadəsi ilə əməliyyat ehtiyaclarının qarşılanması hədəflənir.

ABŞ Hərbi Hava Qüvvələrinin rəsmisi bildirib: “F-15EX-in daşıma qabiliyyəti, silah stansiyalarının sayı və xüsusilə Sakit okean bölgəsindəki rolu bu platforma üçün xüsusi ehtiyacı ortaya qoyur”.

Proqramda əvvəlki dəyişikliklər

F-15EX proqramı son illərdə bir neçə dəfə yenilənib. 2020-ci ildə 144 təyyarə olaraq müəyyənləşdirilən hədəf 2022-ci ildə 80-ə endirilmiş, daha sonra 2023-cü ildə 104-ə, 2025-ci ildə isə 129-a yüksəldilmişdi. Yeni planla birlikdə hədəf 267 təyyarəyə çatdırılıb.

Köhnə parkın yerini alacaq

F-15EXin başda F-15C/D olmaqla köhnə platformaların yerini alması planlaşdırılır. Genişləndirilən donanma sayəsində F-15E “Strike Eagle” təyyarələrinin də mərhələli şəkildə azaldılması hədəflənir.

ABŞ Hərbi Hava Qüvvələrinin inventarında hələ də 216 ədəd F-15E var, daha əvvəl bu sayın 99-a endirilməsi planlaşdırılmışdı. Yeni tədarük planı bu transformasiyanı sürətləndirə biləcək amil kimi qiymətləndirilir.

İllik alış hədəfi artırılır

ABŞ Hərbi Hava Qüvvələri uzunmüddətli perspektivdə ildə ən azı 72 yeni döyüş təyyarəsi tədarük etməyi hədəfləyir. Bu yanaşma köhnələn donanma strukturunu yeniləmək və ümumi döyüş təyyarələrinin sayındakı azalma tendensiyasını əksinə çevirmək məqsədilə hazırlanıb.

2027-ci il büdcə planına görə, ümumilikdə 62 döyüş təyyarəsinin alınması nəzərdə tutulur. Bunun 38-ni F-35A, 24-nü isə F-15EX təşkil edir. 2026-cı ildə isə 24 F-35 və 22 F-15EX tədarük edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-15EX  


Bizi "telegram"da izləyin