Ukrayna “GomSpace” və “Stetman” üçün tam dövrlü peyk istehsalı mərkəzinə çevriləcək

2026/04/Ekran-1777097571.jpg
Oxunub: 398     10:12     25 Aprel 2026    
Ukraynanın “Stetman” şirkəti ilə Danimarkanın “GomSpace” şirkəti Ukraynada peyk istehsalı üçün birgə müəssisə yaradacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Stetman” şirkətinin nümayəndəsi Volodımır Stepanets “Militarnyi”yə şərhində məlumat verib.

“GomSpace” və “Stetman” artıq müqavilə imzalayıblar.

“Müəssisə peyk istehsalının tam dövrünü həyata keçirəcək”, - deyə Stepanets bildirib.

Bu, həm Ukraynanın, həm də xarici ehtiyaclar üçün peyk istehsal edə biləcək tammiqyaslı istehsal güclərini nəzərdə tutur.

“Bu fəaliyyət çərçivəsində Ukraynada lokallaşdırılmış komponentlərdən istifadə məsələsi də artıq müzakirə olunur”, - deyə o əlavə edib.

Bu layihə dayanıqlı Avropa rabitəsinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

“Stetman” müdafiə sahəsi və kritik infrastruktur üçün peyk terminallarının istehsalı, eləcə də qabaqcıl rabitə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış Ukrayna texnologiya şirkətidir.

“Biz ön xəttdə ən sərt şəraitə tab gətirən terminallar yaradaraq hərbi və dövlət ehtiyacları üçün etibarlı, təhlükəsiz və sabit peyk rabitəsi təmin edirik”, - deyə şirkət bildirib.

“GomSpace” kiçik “CubeSat” tipli peyklər və onların komponentlərini hazırlayan və istehsal edən Danimarka şirkətidir. Şirkət rabitə, Yer müşahidəsi və elmi tədqiqatlar üçün kosmik missiyaların yaradılmasına kömək edir.

Şirkət kosmosu daha əlçatan və münasib edən müasir “New Space” sənayesinin bir hissəsidir.

Mart ayında açıqlanmışdı ki, Danimarkanın “GomSpace” şirkəti UASAT LEO proqramı çərçivəsində Ukrayna üçün rabitə peykləri istehsal edəcək.

Ukraynanın UASAT rabitə peyk qruplaşması 300 vahiddən ibarət olacaq. İlk peykin bu ilin oktyabr ayında “SpaceX” daşıyıcı raketi ilə orbitə buraxılması planlaşdırılır. 2027-ci ilə qədər orbitə 120 peyk çıxarılmalıdır, sonrakı illərdə isə hər il əlavə 100-105 peykin buraxılması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   GomSpace   Stetman  


Bizi "telegram"da izləyin