Ordu.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "Associated Press" agentliyi ilə söhbətində bildirib.
"Güman edirəm ki, yeni uzadılma olmayacaq. Hesab edirəm ki, [gəmilərə yüklənmiş və] dəniz marşrutlarında olan Rusiya nefti əhəmiyyətli dərəcədə tükənib", - o qeyd edib.
Bundan əlavə, Bessent qurum tərəfindən tankerlərin göyərtəsində olan İran neftinin satışını müvəqqəti olaraq qanuniləşdirə biləcək növbəti ümumi lisenziyanın buraxılması imkanını istisna edib.
"İranlılara münasibətdə [bu, baş verməyəcək]. Blokada rejimi qüvvədədir, oradan neft tədarük edilmir", - nazir vurğulayıb.
ABŞ Maliyyə Nazirliyi martın 12-də qeyd olunan tarixədək gəmilərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsulları ilə əməliyyatları sanksiya məhdudiyyətlərindən çıxarıb. Aprelin 15-də Ağ Evdə keçirilən brifinq zamanı Bessent Vaşinqtonun açıq dənizdəki tankerlərdə olan Rusiya və İran neftinə münasibətdə sanksiya rejimindən istisnaları uzatmaq planlarının olmadığını bildirib. Buna baxmayaraq, aprelin 17-də ABŞ Maliyyə Nazirliyi aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı, daşınması və boşaldılması üzrə əməliyyatların mayın 16-dək həyata keçirilməsinə icazə verən yeni lisenziya açıqlayıb.
Ordu.az