İranın ali rəhbəri gizli sığınacaqda: Tehran üçün kritik saatlar başlayır

2026/04/1777054625.jpg
Oxunub: 994     22:15     24 Aprel 2026    
“The New York Times”ın məlumatına görə, İranın dini lideri Müctəba Xameneyi “gizli bunkerdə gizlənir və dövləti tam məxfilik şəraitində idarə edir”. Onunla yalnız “tibbi briqadanın üzvləri” əlaqə saxlaya bilirlər. Müctəba Xameneyinin “iş qabiliyyətinin bərpasında təcrübəli cərrah kimi prezident Məsud Pezeşkian da iştirak edir”. İran İnqilab Keşikçiləri Korpusunun ali komandanlığı və hökumət üzvləri onu ziyarət etmirlər, çünki İsrail kəşfiyyatının onların hərəkətini izləyərək Xameneyinin sığınacağını müəyyən edib hədəfli zərbə endirə biləcəyindən ehtiyatlanırlar.

Nəşrin “əldə etdiyi məlumatlara” görə, Xameneyi ayaqlarından iki əməliyyat keçirib və protezləşdirməni gözləyir, eyni zamanda əl funksiyalarını bərpa edir. O, “üz və dodaq nahiyəsində yanıq xəsarətləri alıb və çətinliklə danışır”, buna görə də “videoçəkilişə razılıq vermir”. Dövlət əhəmiyyətli məsələlər üzrə onun mövqeyi “hökumətə, orduya və İran İnqilab Keşikçiləri Korpusunun komandanlığına yazılı şəkildə çatdırılır, qapalı zərflər ünvan sahiblərinə əsasən motosikletlə hərəkət edən kuryerlər vasitəsilə verilir”.

Amerika nəşrinə məlum olub ki, İslamabadda İran-ABŞ danışıqları uğursuzluqla nəticələnib, çünki “ordu və İran İnqilab Keşikçiləri Korpusunun komandanlığı onları mənasız hesab edib”. Mənbənin sözlərinə görə, danışıqların davam etdirilməsi və İrana qarşı sanksiyaların aşılması tərəfdarı yalnız prezident Pezeşkian və xarici işlər naziri Əraqçi olublar, lakin “Müctəba Xameneyi hərbçiləri dəstəklədikdən sonra onların praqmatik səsi susdurulub”.

İsrail mənbələrinə məlum olub ki, ABŞ prezidenti İrana “bazar gününə qədər diplomatik qərar qəbul etmək üçün vaxt verib və bu barədə Baş nazir Netanyahuya məlumat verib”. Donald Tramp bildirib ki, Hörmüz boğazı “bağlı vəziyyətdədir və İran razılaşmanın şərtlərini qəbul etməyənə qədər açılmayacaq”. Öz növbəsində İran tərəfi xəbərdarlıq edib ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri “ABŞ hərbi gəmilərinə hücum əmri gözləyir”. Müxtəlif mənbələr eyni zamanda Yaxın Şərqdə və İran ətrafında ABŞ-nin Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin, eləcə də hava hücumundan müdafiə vasitələrinin “əhəmiyyətli dərəcədə cəmləşdirildiyini” müşahidə ediblər.

Təsəvvür etmək çətindir ki, İran bazar gününə qədər “razılaşma” üzrə ABŞ-nin ilkin şərtlərini qəbul etsin. “The New York Times”ın dərc etdiyi materialdan belə təəssürat yaranır ki, İsrail kəşfiyyatı hər halda İranın dini liderinin gizli bunkerini müəyyənləşdirib. Əgər bazar gününə qədər Tehranda diplomatik qərar qəbul edilməsə, ABŞ Müctəba Xameneyinin sığınacağını bombalayacaq, yoxsa atəşkəs uzadılacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Xameneyi   ABŞ  


Bizi "telegram"da izləyin