NATO Müdafiə Sənayesi Forumu Ankarada keçiriləcək, Türkiyənin rolu vurğulanıb

2026/04/1777052196.jpg
Oxunub: 422     21:25     24 Aprel 2026    
NATO-nun Baş katibi Mark Rutte alyansın müdafiə sənayesi strategiyasında Türkiyənin mərkəzi rol oynayacağını rəsmi şəkildə təsdiqləyib.

Ordu.az xəbər verir ki, 2026-cı il aprelin 22-də Ankaradakı ASELSAN Texnologiya Bazasını ziyarət edən Rutte bu təmaslardan sonra Brüsseldə keçirilən NATO Milli Silahlanma Direktorları Konfransında (CNAD) tarixi qərarı açıqlayıb.

Baş katib Rutte bildirib ki, 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsinin tərkib hissəsi olan NATO Müdafiə Sənayesi Forumu alyans tarixinin ən genişmiqyaslı sənaye tədbiri olacaq.

NATO-nun ən böyük müdafiə sənayesi tədbiri Ankarada olacaq

Ankaradakı təmaslarından dərhal sonra Brüsseldə keçirilən konfransda müttəfiq ölkələrin nümayəndələrinə müraciət edən Rutte Türkiyədəki müdafiə sənayesi infrastrukturunu yüksək qiymətləndirib.

Baş katib ASELSAN ziyarəti zamanı istehsal xətlərini və gənc mühəndislərin fəaliyyətini yerində araşdırdığını bildirərək deyib: “Ankaradakı Müdafiə Sənayesi Forumunun miqyasını və təsirini artırmaq qərarı verdik. Bu, NATO tarixində ən böyük sənaye tədbiri olacaq. Ötən gün Ankarada Forumun keçiriləcəyi məkanı gəzdım, möhtəşəm yerdir. Keçən il Haaqadakı Forumun çox yaxşı olduğunu düşünürdüm, amma Ankaradakı daha böyük olacaq. Bütün müttəfiqlərdən və sənaye dairələrindən xüsusilə geniş iştirak istəyirəm”.

Ruttenin bu mühüm açıqlamaları verdiyi Brüssel konfransında iştirak edən Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri professor doktor Haluk Görgün İtaliya, Avropa Müdafiə Agentliyi və NATO-dan yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. Görgün səfərdən sonra verdiyi açıqlamada bildirib:

“Dünyanın proqnozlaşdırılmazlığın əsas norma halına gəlməyə başladığı bir dövrdən keçdiyi vaxtda, elmi-tədqiqat gücümüz və seriyalı istehsal imkanlarımız ölkəmizin müdafiə sənayesi sahəsində strateji təsirini daha da möhkəmləndirir. Türkiyənin beynəlxalq arenada çatdığı bu mövqe cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu baxış əsasında formalaşan milli müdafiə sənayesi sistemimizin kollektiv uğurunun ən konkret göstəricilərindən biridir”.

Türkiyə müdafiə sənayesində mərkəzi ölkəyə çevrilir

NATO Baş katibi Ruttenin bu qərarının Türkiyənin son dövrdə müdafiə sənayesində qlobal miqyasda oynadığı uğurlu rolu daha aydın şəkildə ortaya qoyduğu qiymətləndirilir.

Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən aparılan aktiv diplomatiya türk şirkətlərinin NATO və Avropa İttifaqı bazarındakı payını rekord səviyyəyə çatdırır. Professor doktor Haluk Görgünün rəhbərlik etdiyi Türkiyə Müdafiə Sənayesi Komitəsinin strateji addımları Türkiyənin yalnız hərbi deyil, iqtisadi baxımdan da yeni dövrə daxil olmasını təmin edir.

İqtisadi transformasiyanın hərəkətverici qüvvəsi: Müdafiə sənayesi

Yaxın günlərdə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək tərəfindən verilən açıqlamada müdafiə sənayesi sektorunun Türkiyə üçün “xilas resepti” olduğu vurğulanmışdı. Yüksək mənfəət marjasına və qabaqcıl texnologiyaya əsaslanan bu istehsal modeli Türkiyənin texnoloji transformasiyanda lokomotiv rolunu oynayarkən, qlobal bazarda “oyunqurucu” mövqe qazanmasına imkan yaradır.

Döyüş meydanında sübut olunmuş texnologiya

Ukrayna-Rusiya müharibəsindən sonra dəyişən qlobal təhlükəsizlik arxitekturasında türk müdafiə sənayesi məhsullarının “döyüş meydanında sübut olunmuş” olması alyans daxilində marağı ən yüksək səviyyəyə çıxarır.

Xüsusilə KIZILELMA kimi dünyada öz radarı ilə aşkar etdiyi hava hədəfini, özünün hazırladığı “hava-hava” raketi ilə vuran ilk pilotsuz döyüş təyyarəsini yaradan sənaye bazası NATO daxilində kritik təhlükəsizlik təminatçısı kimi qəbul olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə  


Bizi "telegram"da izləyin