ABŞ Hərbi Hava Qüvvələri 76 ədəd “Boeing B-52H Stratofortress” uzaqmənzilli strateji bombardmançısından ibarət parkı saxlayır. Təxminən 58-i aktiv “döyüşə hazır” rolda xidmət edir, daha 18-i isə ehtiyat qüvvələr tərəfindən istismar olunur. Bundan əlavə, sayı açıqlanmayan, təxminən iki neçə onluq olduğu güman edilən təyyarələr uzunmüddətli saxlanmada Arizona ştatındakı “Devis-Montan” Hərbi Hava Qüvvələri bazasında yerləşən 309-cu Aerokosmik Texniki Xidmət və Bərpa Qrupunun (AMARG) nəzarəti altında saxlanılır. Həmin baza həm də istismardan çıxarılmış təyyarələrin məşhur “qəbiristanlığı” ilə tanınır.
Bu bölmə daha əvvəl “Ghost Rider” və “Wise Guy” adlı bombardmançılar da daxil olmaqla köhnə B-52-ləri bərpa edib və yenidən xidmətə qaytarıb, bununla da “Minot” Hərbi Hava Qüvvələri bazasının parkını tam gücə çatdırıb.
Lakin bu təyyarələrin bərpası yalnız bombardmançıların yaşı səbəbindən deyil, çoxsaylı çətinliklər yaradır. Son yeddi onillikdə edilən yeniliklər o deməkdir ki, hazırkı B-52-lər xaricdən ilkin təyyarələrə bənzəyə bilər, amma daxildə vəziyyət tamamilə fərqlidir.
“Damage Inc. II” başqa rol da yerinə yetirir
Dörd il əvvəl daha bir B-52 məşhur “Devis-Montan” “təyyarə qəbiristanlığı”ndan çıxarıldı. “Damage Inc. II” adlandırılan həmin “Stratofortress” o vaxtdan etibarən “Boeing Oklahoma City B-52 High Bay Integration Lab”da canlı sınaq platforması kimi istifadə olunur.
Bu sınaq platforması qalan B-52-lərin 2050-ci illərə qədər xidmətdə qalmasına kömək etməlidir. Bu isə həmin təyyarənin ilk uçuşundan bir əsrdən çox sonrakı dövrə təsadüf edəcək.
Aerokosmik nəhəngin Kommersiya Mühərriklərinin Əvəzlənməsi Proqramı (CERP) ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə qalan B-52-lərin onilliklər boyu keçdiyi modernizasiya və yeniləmələri araşdırır. Bu dəyişikliklər, həmçinin zavod təmirləri nəticəsində gövdələrdə o qədər çox dəyişiklik edilib ki, təyyarələr artıq ilkin çertyojlarla tam uyğun gəlmir. Bu isə gələcək yeniləmələr üçün problem yaradır.
Problem sənədləşmənin rəqəmsallaşdırılmasından əvvəl edilən çoxsaylı dəyişikliklər səbəbindən daha da dərinləşib. Bu isə o deməkdir ki, mühəndislər təyyarələr üzərində işləyərkən çox vaxt kifayət qədər məlumat olmadan fəaliyyət göstərirlər.
“High Bay Integration Lab” bu problemi həll etməyə çalışır.
“Bu laboratoriya mühəndislərə konsepsiyanın sübutu quraşdırmalarını (PCI) həyata keçirməyə, yeni komponentlərin uyğunluğunu yoxlamağa və layihə dəyişikliklərini təsdiqləməyə imkan verir. Beləliklə, dəyişikliklərin aktiv təyyarələrdə real yeniləmələr başlamazdan əvvəl parkda uyğun gələcəyi və işləyəcəyi müəyyən edilir”, - deyə “Boeing” media açıqlamasında bildirib.
“Boeing” B-52 üçün 3D çaplı ehtiyat hissələri hazırlayır
Rəqəmsal modelləşdirmə artıq nəticə verir və köhnə döyüş təyyarələrinin uçuşda saxlanması üçün lazım olan səyləri azalda bilər.
Laboratoriyanın Qabaqcıl Vizualizasiya və İmmersiv İnkişaf, Əks Mühəndislik və Prototipləşdirmə (AVID) qrupunun mühəndisləri əvvəlcə yanacaq bölməsini skan etməyə başlayıblar. Bu da çənin daxilində 3D çaplı sərtləşdiricilərin yerləşdirilməsinə imkan verib. Bunun sayəsində çənlərin xaricində quraşdırılan 3D çaplı dəyişdirilə bilən xətt modullarının uyğunluq yoxlaması aparılıb.
“3D çap “Boeing” daxilində əsas həll yoluna çevrilib, çünki hamı sürətli iterasiyanın layihələndirməyə gətirdiyi dəyəri və sürəti görür”, - deyə AVID-in aparıcı sistem mühəndisi Sara Konqdon bildirib. O, həmçinin qeyd edib: “Sınaq platformasında 3D çaplı hissələrlə layihələri və quraşdırma üsullarını yoxlayın, modernizasiya olunacaq təyyarələri quraşdırmadan əvvəl 3D skan edin və yürüşə başlamazdan əvvəl döyüş meydanının vəziyyətini biləcəksiniz”.
“Boeing” bildirib ki, son 3D çap işlərinin məqsədi hissələri yekunlaşdırmaq olmayıb. Əksinə, bu üsul yeni hissələrin B-52-lərdəki ilkin layihə modelləri ilə uyğun gəlib-gəlmədiyini təsdiqləməyə xidmət edə bilər. Aerokosmik nəhəng əlavə edib ki, ölçülər uyğun gəlməzsə, bütün park üzrə dəyişikliklər edilməzdən əvvəl onlar yenilənə və düzəldilə bilər. Bu isə vaxt və əməyə qənaət edir.
“Nəticələr öz sözünü deyir. “High Bay”da əvvəlki PCI işləri artıq hissə və əmək xərclərinin azalması, həmçinin yenidən işlərin qarşısının alınması hesabına 1,3 milyon dollardan çox qənaət yaradıb. Maddi tərəfdən əlavə, biz indi və gələcəkdə bu dəyişikliklər üçün istifadə olunacaq təkrarlana bilən proseslər və məlumat bazası qururuq”, - deyə “Boeing B-52 CERP” direktoru Caqbir Sinqh bildirib.
Bu, B-52-nin qarşıdakı onilliklərdə də xidmətdə qalmasına və ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı parkının əsas işçi qüvvəsi kimi fəaliyyət göstərməsinə kömək edə bilər. O, yaxın gələcəkdə “Northrop Grumman B-21 Raider”i dəstəkləyəcək, Soyuq müharibə dövrünə aid “Rockwell B-1B Lancer” və “Northrop B-2 Spirit” isə xidmətdən çıxarıldıqca onların yerini dolduracaq.
Sevinc Əliyeva
Ordu.az