Ordu.az xəbər verir ki, hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri dünyasında “Patriot” dalğası əsir.
Ukrayna və Yaxın Şərqdəki müharibələrlə birlikdə “etibarlı” olduğu təsdiqlənən sistemə tələbat artır. Bu çərçivədə ABŞ yeni müqavilələr imzalayaraq sursat istehsalını artırır.
“Kathimerini”nin yaydığı məlumata görə, Yunanıstan da bu prosesdə 6 batareyanı modernizasiya etmək istəyir.
Yunanıstanın modernizasiya strategiyası 2003-cü ildə inventara daxil edilmiş 6 ədəd “Patriot” batareyasını ən qabaqcıl səviyyə olan PAC-3 standartlarına çatdırmağı hədəfləyir. Bu genişmiqyaslı yenilənmə prosesi üçün yalnız radar və atəşə nəzarət bölmələrini əhatə edən 300-350 milyon dollarlıq büdcə nəzərdə tutulur.
Afina rəhbərliyi xərcləri azaltmaq məqsədilə Səudiyyə Ərəbistanının Yanbu bölgəsində xidmət aparan Yunan batareyasının göstərdiyi performansı diplomatik kozıra çevirərək modernizasiya xərcinin Ər-Riyad tərəfindən ödənilməsi üçün danışıqları davam etdirir. Səudiyyə tərəfi bu mərhələdə yalnız öz ərazisində yerləşdirilmiş sistemin modernizasiyasına müsbət yanaşsa da, Yunanıstan həmin batareyanın “prototip” qəbul edilərək bütün inventarın Səudiyyə maliyyəsi ilə yenilənməsi üçün təzyiq göstərir.
“Kathimerini”nin məlumatına görə, Yunanıstanın Səudiyyə Ərəbistanındakı ELDYSA birliyinin martın 19-u və aprelin 6-da İran ballistik raketləri və pilotsuz uçuş aparatlarına qarşı əldə etdiyi 100 faizlik məhvetmə uğuru Afinanın bu çətin danışıqlarda mövqeyini xeyli gücləndirir. Yunanıstan qarşıdakı aylarda İsraildən üç yeni hava hücumundan müdafiə sistemi alacaq olsa da, “Patriot”lar “Axilles Qalxanı” adlandırılan müdafiə arxitekturasının əsas onurğa sütunu olaraq qalacaq.
Sevinc Əliyeva
Ordu.az