Ordu.az xəbər verir ki, bu barədə “Euronews” yazır.
Nəşrə görə, ABŞ-nin texniki nümayəndə heyəti Bakıda “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi üzrə danışıqları başa çatdırıb. Vaşinqton Azərbaycanla yeni strateji tərəfdaşlığını konkret infrastruktur layihələrinə çevirməyə çalışır.
“ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) çərşənbə günü səfərini yekunlaşdırıb. Səfərin məqsədi “iki ölkə arasında ortaq strateji infrastruktur prioritetlərini irəli aparmaq” olub. Bu, fevral ayında vitse-prezident Cey Di Vensin Bakıya səfəri zamanı imzalanmış ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının bir hissəsidir”, - deyə müəllif qeyd edib.
USTDA-nın Avropa və Avrasiya üzrə regional meneceri Sara Leminq “Euronews”a bildirib: “Azərbaycanın strateji coğrafi mövqeyi onu Mərkəzi Asiyanı Qərblə birləşdirən Transxəzər tranzit marşrutunda əvəzolunmaz nəqliyyat qovşağına çevirir. Beynəlxalq sülh və rifah naminə Tramp yolu (TRIPP) bu dəhlizi daha da vacib edəcək. Regional bağlantı Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biridir və USTDA bu missiyalar zamanı bunu araşdırır”.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, hazırda Azərbaycan tərəfdaşları ilə birlikdə mayeləşdirilmiş təbii qaz, mülki nüvə energetikası, elektrik enerjisinin ötürülməsi, süni zəka infrastrukturu, kibertəhlükəsizlik və rəqəmsal əlaqə sahələrində layihələr öyrənilir. Qurumun fikrincə, bu sektorlar Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyini dəstəkləməklə yanaşı, ABŞ-nin iqtisadi və strateji maraqlarını da irəli aparır.
Leminq bildirib ki, agentlik texniki-iqtisadi əsaslandırmalar, texniki yardım və özəl kapitalın cəlbinə yönəlmiş pilot proqramlar vasitəsilə ilkin mərhələdə infrastruktur konsepsiyalarını təşviq etməyə çalışır.
“Biz Azərbaycanda real imkanlar görürük. Vitse-prezident Vens və prezident İlham Əliyev fevralda Xartiyanı imzaladıqdan sonra ABŞ hökuməti azərbaycanlı tərəfdaşlarımızla bu tarixi razılaşmanın konkret layihə və proqramlar vasitəsilə tam icrası üzərində işləyir. Bunlara USTDA-nın təklif etdiyi layihələr də daxildir və bu, hər iki ölkənin maraqlarına uyğundur”, - deyə Leminq “Euronews”a müsahibəsində deyib.
“Euronews” qeyd edir ki, Azərbaycanın formalaşmaqda olan TRIPP layihəsinin mərkəzində yer alması təsadüfi deyil.
“Ölkə iki onillik ərzində onu Avropanın ən mühüm strateji enerji tərəfdaşlarından birinə çevirən boru kəməri infrastrukturunun qurulmasına böyük vəsait sərf edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi birlikdə Xəzər enerji ehtiyatlarını birbaşa Türkiyə və Avropa ilə birləşdirir, Rusiyanı və Hörmüz boğazını kənardan keçir.
Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gündəlik ötürmə gücü təxminən 1,2 milyon bareldir və o, Qazaxıstan, Türkmənistan və Azərbaycandan xam neft daşıyır. Bu da onun regional diversifikasiya aləti kimi rolunu gücləndirir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə təsdiqlənmiş neft ehtiyatları təxminən 7 milyard barel, təbii qaz ehtiyatları isə 2,6 trilyon kubmetr təşkil edir. 2025-ci ildə 27 milyon tondan çox xam neft və 51,5 milyard kubmetr qaz hasil olunub. Bu, 2007-ci ildəki qaz hasilatı həcmindən üç dəfədən çoxdur.
Hazırda Azərbaycan nefti təxminən 30 ölkəyə, qazı isə 16 ölkəyə ixrac edir. Onların arasında Avropa İttifaqının 10 üzv dövləti də var. Aİ-nin qaz idxalından asılılığı artıq 85 faizi keçdiyi üçün Cənub Qaz Dəhlizi Avropa tədarük təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan qazı 2020-ci ildə ilk dəfə Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya daxil olduqda, ittifaqın dördüncü qaz dəhlizi açılmışdı. 2025-ci ildə Avropa bazarlarına təxminən 13 milyard kubmetr qaz çatdırılıb ki, bu da 2021-ci illə müqayisədə təxminən 60 faiz çoxdur.
Azərbaycan məlumatlarına görə, bu marşrutun əsas təchizat mənbəyi olan “Şahdəniz” yatağından bu günədək 267 milyard kubmetr qaz və 52 milyon tondan çox kondensat hasil edilib”, - deyə müəllif qeyd edib.
Nəşr bildirib ki, Aİ və Azərbaycan həmçinin bərpa olunan elektrik enerjisini Avropaya çatdırmaq üçün üç “yaşıl” enerji dəhlizi hazırlayır.
“Bu, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişinə əsaslanır. Xəzər dənizi-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutlarını əhatə edən bu dəhlizlər bərpa olunan mənbələrdən elektrik enerjisinin genişmiqyaslı ticarətini təmin etməyə hesablanıb”, - deyə “Euronews” yazıb.
Alpər Mövludoğlu
Ordu.az