Ordu.az xəbər verir ki, bunu RTVI beynəlxalq televiziya kanalının “Xüsusi müsahibə” proqramının efirində Ermənistanın ikinci prezidenti, baş nazir postuna namizəd Robert Köçəryan bildirib.
Paşinyanın özünü Azərbaycanla sülhün yeganə və əsas təminatçısı kimi təqdim etməsi barədə fikirlərini şərh edən sabiq erməni prezident qeyd edib ki, bu, şantajdır.
“Müharibə ilə şantaj edən şəxs elə bir adamdır ki, onun baş nazirliyi dövründə Ermənistan üçün fəlakətli məğlubiyyətlə nəticələnən müharibə baş verib, çoxsaylı itkilər olub.
Və təkcə bu deyil. Ərazilər itirilib, “Ermənistanın suveren əraziləri” (guya-red.) itirilib... Qarabağ tamamilə itirilib... Həmin müharibənin, toqquşmaların və itkilərin səbəbkarı olan adam indi sülhdən danışır və öz obrazını sülhlə əlaqələndirməyə çalışır. Bu isə... birincisi, həyasızlıqdır, ikincisi, şantajdır, üçüncüsü isə yəqin ki, həyasız şantajın birləşməsidir. Bizim yanaşmamız burada aydındır, belə münasibət ümumiyyətlə seçiciyə qarşı qeyri-etikdir. Yəni sanki üzərində “Müharibə təhlükəsi” yazılmış dəyənək götürürsən və müharibə şantajı ilə seçicinin iradəsini qırmağa çalışırsan. Bizim üçün bu kateqoriya qəbuledilməzdir... Mən əlbəttə ki, bununla razı deyiləm. Əksinə, biz deyirik ki, əgər Paşinyan qalsa, müharibə təhlükəsi ikiqat, üçqat artacaq”, - deyə o bidlirib.
Söhbətin Zəngəzur vilayətindən gedib-getmədiyi soruşulduqda sabiq erməni prezident deyib:
“Mən Paşinyanın siyasətinin özü ilə gətirdiyi təhlükələrdən danışıram. Paşinyanın siyasəti hətta son bəyanatında da açıq görünür. Həmin bəyanata görə, Azərbaycan Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Bu, əlbəttə absurd səslənir, amma bunu elə onun özü və Ermənistan parlamentinin sədri səsləndirib. Yəni (müqayisə etsək) bu, Qəzza zolağında birdən-birə fələstinlilərin təhlükəsizliyinin təminatçısının İsrail olduğunu elan etməyə bənzəyir. Belə bir şeyi ümumiyyətlə təsəvvür etmək mümkündürmü?..”.
Seçicilərin gözləntilərindən danışan Köçəryan bildirib ki, onlar sabitlik istəyirlər, nə baş verdiyini anlamaq istəyirlər. “İnsanlar ziddiyyətli bəyanatlardan, isterikadan, baş verənlərin anlaşılmazlığından yorulublar. Çünki hakimiyyət və ya hakimiyyət nümayəndələri bir və ya iki həftə ərzində geosiyasi istiqamət, daxili siyasət, müharibə və ya sülhlə bağlı bir-birinə zidd açıqlamalar verə bilirlərsə, bu narahatlıq yaradır. İnsanlar sabitliyi sevir, insanlar sabah nə olacağını bilmək istəyirlər”.
Paşinyanın “əgər məni seçsəniz, sülh olacaq, müxalifəti seçsəniz, müharibə olacaq” fikrinə cavab olaraq Köçəryan deyib: “Biz də əksini deyirik və bizim arqumentlərimiz daha çoxdur. Mənim prezidentliyimin 10 ili Ermənistan üçün ən dinc illər olub”.
İndiki dövrün fərqli olduğu və köhnə dünyanın dağıldığı barədə fikrə münasibət bildirən sabiq erməni prezident xatırladıb ki, ən azı 2020-ci ildə dünya hələ dağılmırdı, amma Paşinyan 2018-2020-ci illərdə, 44 günlük müharibəyədək öz siyasəti ilə müharibənin qaçılmaz olması üçün əlindən gələni edib, sözün həqiqi mənasında hər şeyi edib.
“Dünyada baş verənlər, çoxqütblülüyə doğru hərəkət bir qədər əvvəl başlamışdı, amma qeyri-müəyyənlik xeyli dərəcədə artıq 2022-ci ildən sonra artdı”, - deyə o bildirib.
Köçəryan vurğulayıb ki, hər bir ölkə ciddi addım atmazdan əvvəl həmin addımları hesablayır.
“Onlar məhz Ermənistan rəhbərliyində Ermənistanın təhlükəsizlik üzrə geosiyasi quruluşunu dağıdan, strateji müttəfiqlə münasibətləri korlayan bir adamın peyda olduğu anı seçdilər.
Və o bu canfəşanlığında sadəcə tabor səviyyəsinədək gedib çıxdı. Bu isə baş verirdi və o belə davranırdı, çünki ordunun özü ilə, onun formalaşması ilə bağlılığı yox idi, bu ordunu anlamırdı, ona etibar etmirdi, ondan qorxurdu və əsas postları özünə sadiq zabit və generallarla doldurmaq üçün hər şeyi etməyə çalışırdı.
Amma müəyyən siyasi vəziyyətə uyğunlaşan insanlar o qədər də yaxşı döyüşçülər, ən yaxşı generallar və zabitlər olmurlar. Mən əminəm ki, Azərbaycanda bunu sadəcə gördülər və hərbi əməliyyatlara başlamaq istəyi onlarda xeyli artdı. Bundan başqa, elə Paşinyanın özü danışıqlar prosesini məhv etdi, o, danışıqlardan imtina etdi. Yəni faktiki olaraq elə vəziyyət yaratdı ki, hətta həmsədrlər də Ermənistan hakimiyyətinin belə addımları qarşısında aciz qalmışdılar.
O deyirdi ki, 30 illik danışıqlar onun üçün heç nə ifadə etmir və o, hər şeyi sıfır nöqtəsindən başlayır. Yəni burada bir neçə amil üst-üstə düşdü: danışıqlar prosesinin məhvi…. bu, Minsk qrupunu uzaqlaşdırdı, çünki onlar tam şok vəziyyətinə düşdülər”, - deyə sabiq erməni prezident qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az