Robert Köçəryan Ermənistanda müxalifətin liderinin Samvel Karapetyan olması fikri ilə razı deyil

2026/01/1769691713.jpg
Oxunub: 384     19:37     23 Aprel 2026    
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ermənistanda müxalifətin liderinin Samvel Karapetyan olması fikri ilə razı olmadığını bildirib.

Ordu.az xəbər verir ki, Köçəryan bu barədə RTVI beynəlxalq televiziya kanalının “Xüsusi müsahibə” proqramının efirində danışıb.

Amerikalı və erməni sosioloqların məlumatlarına görə Paşinyandan sonra ikinci yerdə Samvel Karapetyanın gəldiyi və onun Ermənistanda müxalifətin lideri hesab olunub-olunmadığı barədə suala cavab verən sabiq erməni prezident deyib: “İndiki vəziyyətin necə olduğuna baxın. Müxalif düşərgə daha rəqabətlidir, bu faktdır. Samvel Karapetyanın komandası seçki kampaniyasına daha erkən başlayıb, faktiki olaraq sentyabr-oktyabr aylarından orada yeni siyasi qüvvənin irəli çəkilməsi gedir. Biz isə cəmi bir ay əvvəl başlamışıq. Ona görə də mən indi sosiologiyaya çox aludə olmazdım. Meydan doğrudan da rəqabətlidir. Təəssüf ki, bizdə sosiologiya daha çox ictimai rəyə təsir vasitəsinə çevrilir, ölkədə siyasi temperaturu ölçmək aləti olmur. Görəcəyik, bunu seçkilər göstərəcək. Mən sadəcə bu fikirlə razıyam ki, mühit daha rəqabətlidir, bu baxımdan bəlkə də siyasi texnoloqlar üçün daha maraqlıdır, iştirakçılar üçün isə daha gərgindir... Ona görə də “maraqlı” və “gərgin” bir qədər fərqli anlayışlardır. Vəziyyət belədir. Bu baxımdan hələ geri çəkilmək fikrində deyilik, görəcəyik, fəallaşacağıq”.

Bu gün müxalifətin liderinin Samvel Karapetyan olub-olmadığı soruşulanda Robert Köçəryan deyib: “Bu ifadə ilə razı deyiləm. “Müxalifətin lideri” nə deməkdir? Kifayət qədər iri bir neçə müxalif format var və onların hər biri qələbəyə iddialıdır, hər biri qalib gəlmək əzmindədir. Müxalif sahəni bir şəxsdə ümumiləşdirmək və onunla eyniləşdirmək sadəcə siyasi və siyasi texnoloji baxımdan savadsızlıqdır. Demək olar ki, sosiologiyaya görə kimsə irəlidədir, kimsə bir qədər geridə qalır, amma bu o demək deyil ki... “Müxalifətin lideri” anlayışı bütün müxalifəti birləşdirən insan deməkdir. Bu isə belə deyil”.

Müxalifətin Ermənistanda niyə birləşmədiyi sualına cavab verən sabiq erməni prezident qeyd edib ki, əvvəlki seçkilərlə müqayisədə müxalif düşərgə kifayət qədər güclənib. Onun sözlərinə görə, ötən dəfə iştirakçıların sayı təxminən 25 idi. Özünün müxalifətin lideri olması barədə deyilənləri isə Köçəryan qeyri-korrekt hesab edir. “Mən ön sıralarda olmuşam, amma müxalifətin ümumiləşdirilmiş lideri olmamışam, yəni bunlar yenə də fərqli şeylərdir. Sən sosiologiyaya görə, keçirilən tədbirlərin miqyasına görə, mitinqlərə, görüşlərə və sairə görə öndə ola bilərsən, amma başqa müxalif partiyalar üçün lider deyilsən. Bunlar tamamilə fərqli şeylərdir. Yəni bizim müxtəlif ittifaqlarımız, müxtəlif hərəkatlarımız, fərqli liderlərimiz var və onlar siyasi mübarizəyə qoşulublar...”, - deyə o qeyd edib.

Bununla yanaşı, sabiq erməni prezident bildirib ki, hər bir müxalif partiyanın məqsədi qalib gəlməkdir. “Belə bir ümumi məqsəd var: bu hakimiyyətdən qurtulmaq. Prinsip etibarilə, düşünürəm ki, Ermənistanın bütün müxalif partiyaları üçün bu məqsəd ortaqdır və hamısı qarşısına belə bir məqsəd qoyur. Amma müxalifət liderliyindən danışmaq üçün bu halda sadəcə “sosioloji liderlik” ifadəsini əlavə etmək lazımdır”, - deyə Ermənistanın ikinci prezidenti izah edib.

O, həmçinin qeyd edib: “Amma adətən lider... Əgər ümumi müxalifətin lideri olsaydı, o zaman həmin müxalifəti vahid siyasi birlikdə birləşdirər və o siyasi birliklə seçkiyə gedərdi. Ermənistanda belə bir şey baş vermədiyinə görə, biz hələ də iştirakçıların tam sayını bilmirik. Böyük ehtimalla, kifayət qədər müxalif mövqedən çıxış edən daha kiçik qüvvələr də olacaq... Yaxşı, görəcəyik nə olacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin