Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“The Washington Post” dünən yazmışdı ki, Pentaqon altı aylıq qiymətləndirməni Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi üzvləri üçün keçirilən məxfi brifinq zamanı təqdim edib. Nəşr müzakirə ilə tanış olan üç anonim məmura istinad edib. İran bəyan edib ki, ABŞ onun limanlarını blokadada saxladığı müddətdə Hörmüz boğazını açmayacaq. Çünki su yolunun bağlanması neft və qaz qiymətlərini kəskin artıracaq və qlobal iqtisadiyyatı pozacaq.
Hesabatla bağlı suala cavab verən Pentaqonun baş sözçüsü Şon Parnell bildirib ki, “mətbuatın məxfi brifinqdən məlumat toplaması və bunun böyük hissəsinin yalan olması vicdansız jurnalistikadır”.
“Bir qiymətləndirmə onun doğru olduğu anlamına gəlmir və Hörmüz boğazının altı ay bağlı qalması qeyri-mümkündür və nazir üçün tamamilə qəbuledilməzdir”, - deyə Parnell AFP-yə bildirib.
“The Washington Post”un məlumatına görə, qanunvericilərə bildirilib ki, İran boğazda və ətrafında 20 və ya daha çox mina yerləşdirə bilər. Onlardan bəziləri GPS texnologiyası vasitəsilə uzaqdan yerləşdirilib ki, bu da onların aşkarlanmasını çətinləşdirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu 1400 kvadrat kilometr sahəni əhatə edən “təhlükəli zona” barədə xəbərdarlıq edib. Bu ərazi Parisdən 14 dəfə böyükdür və burada minaların ola biləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az