Yunanıstana məxsus V-BAT pilotsuz uçuş aparatı qəzaya uğrayıb

2026/04/1776945357.jpg
Oxunub: 388     15:57     23 Aprel 2026    
Yunanıstana məxsus ABŞ istehsalı olan V-BAT şaquli qalxma və enmə (VTOL) qabiliyyətinə malik pilotsuz uçuş aparatı 2026-cı il aprelin 22-də Rodos adası yaxınlığında qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İlk məlumata görə, dənizə düşən pilotsuz uçuş aparatının tamamilə itirildiyi və təmirinin mümkün olmadığı qiymətləndirilir.

Yunanıstanın sözügedən V-BAT sistemlərini 2025-ci ilin mayında inventara qəbul etdiyi məlumdur. ABŞ-də yerləşən “Shield AI” tərəfindən hazırlanan pilotsuz uçuş aparatları “Athanasios C. Laskaridis” Fondunun ianəsi ilə Yunanıstanın təhlükəsizlik bölmələrinin istifadəsinə verilib.

İnventara daxil edilən iki sistemdən biri Trakiya və Şimali Egey xəttində, digəri isə Rodosun da daxil olduğu Oniki Ada və Şərqi Aralıq dənizi bölgəsində müşahidə tapşırıqlarında istifadə olunurdu.

Radioelektron mübarizə ehtimalı gündəmdədir

Hadisədən sonra texniki və əməliyyat səbəbləri ilə bağlı müxtəlif qiymətləndirmələr aparılmağa başlanıb. Hələ rəsmi qəza hesabatı yayılmasa da, Yunanıstan mətbuatına görə, önə çıxan ehtimallar arasında bölgədə intensiv radioelektron mübarizə fəaliyyəti səbəbindən idarəetmənin itirilməsi, platformaya məxsus texniki nasazlıqlar və ada şəraiti ilə bağlı ətraf mühit təsirləri (külək, rütubət, turbulentlik) yer alır.

Xüsusilə Egey dənizində artan siqnal qarışdırma (jamming) fəaliyyəti qəzanın radioelektron mübarizə səbəbli ola biləcəyi ilə bağlı qiymətləndirmələri gücləndirir.

V-BAT proqramında texniki sual işarələri

V-BAT platforması keçmişdə də müxtəlif sınaq proseslərində texniki problemlərlə gündəmə gəlmişdi. Gövdə quruluşunda çatların əmələ gəlməsi və yanacaq sistemində hava qabarcıqlarından qaynaqlanan performans problemləri kimi texniki çatışmazlıqlar olmuşdu.

Lakin V-BAT şaquli qalxma qabiliyyətli pilotsuz uçuş aparatının Ukraynada Rusiya hava hücumundan müdafiə sistemlərini uğurla aşkarlayıb məhv edilməsini təmin etməsi Yunanıstanın sistemə olan marağını artırmışdı.

Yunanıstana ianə edilən 3 ədəd V-BAT şaquli qalxma qabiliyyətli pilotsuz uçuş aparatı Egeydəki ada şəraitində (külək, rütubət və elektron qarışdırma altında) həyata keçirilən sınaqları uğurla tamamlamışdı.

Bunun nəticəsində Yunanıstan Müdafiə Nazirliyi həm sınaq nəticələrini, həm də Ukraynadakı performansı nəzərə alaraq 2026-cı il fevralın 20-də əlavə 10 sistemin tədarükünə qərar vermişdi.

V-BAT şaquli qalxma qabiliyyətli pilotsuz uçuş aparatının xüsusiyyətləri

“Shield AI” tərəfindən hazırlanan V-BAT şaquli qalxma və enmə (VTOL) qabiliyyətinə malik pilotsuz uçuş aparatı gəmi göyərtələri və meşəlik ərazilər kimi dar sahələrdə əməliyyat aparmaq üçün hazırlanıb.

Bunun sayəsində platforma uçuş zolağına olan ehtiyacı tamamilə aradan qaldıraraq məhdud sahələrdə effektiv istifadə imkanı yaradır.

V-BAT-ın havada qalma müddəti daşınan faydalı yükdən asılı olaraq 10 saatdan 13 saatdan çox müddətə qədər çata bilir. Platformanın maksimal sürəti təxminən saatda 157 km, kruiz sürəti isə orta hesabla saatda 98 km civarındadır.

Pilotsuz uçuş aparatının xidmət tavanı 18 min ilə 20 min fut aralığında, yəni təxminən 5 min 500 ilə 6 min 100 metr səviyyəsindədir.

Əməliyyat mənzili istifadə olunan məlumat bağlantısından asılı olaraq dəyişir. MPU5 məlumat bağlantısı ilə təxminən 130 km, “C-Band” radio ilə isə 180 km səviyyəsinə çata bilir.

Platformanın qanad açıqlığı təxminən 2,9 metr, ümumi uzunluğu isə 3,8 metrdir. Maksimal qalxma çəkisi 57 ilə 73 kiloqram arasında dəyişir. Faydalı yük tutumu 11 ilə 18 kiloqram arasındadır və müxtəlif tapşırıq paketlərinə uyğunlaşa bilir.

Modul arxitekturası sayəsində elektro-optik/infraqırmızı (EO/IR) sensorlar, sintetik aperturalı radar (SAR), radioelektron mübarizə sistemləri və fərqli tapşırıq yükləri asanlıqla inteqrasiya oluna bilir və V-BAT şaquli qalxmadan üfiqi uçuşa 15 saniyədən az müddətdə keçə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   V-BAT  


Bizi "telegram"da izləyin