Ordu.az xəbər verir ki, STM MİLGEM layihəsi çərçivəsində hazırlanmış ADA sinfinə məxsus korvet layihəsini əsas götürərək müxtəlif ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış mühüm ixrac layihələrinə imza atıb.
Bu çərçivədə STM baş podratçılığı ilə Malayziya üçün LMS “Batch 2” layihəsi üzrə 3 ədəd, Ukrayna üçün isə Ukrayna Korvet Layihəsi çərçivəsində 2 ədəd gəmi istehsal olunur.
LMS “Batch 2”
STM tərəfindən Malayziya Kral Donanmasının tələblərinə cavab verəcək şəkildə layihələndirilmiş və uyğunlaşdırılmış 3 korvet “Littoral Mission Ship Batch-2” (LMSB2) layihəsi çərçivəsində Türkiyədə inşa olunur. STM layihələndirmədən performansa, inşadan gəmilərin təhvilinə qədər layihənin bütün mərhələlərinə cavabdeh baş podratçı mövqeyindədir. Sözügedən layihənin müqaviləsi 2024-cü il iyunun 10-u imzalanıb.
STM gəmi layihələndirilməsi, layihə idarəetməsi, inşa idarəetməsi, material/sistem tədarükü, inteqrasiya layihələndirilməsi və montajı, sınaqlar və İnteqrasiya edilmiş Logistika Dəstəyi (ILS) fəaliyyətləri ilə yanaşı, layihəyə dair layihə və ILS sənədlərinin hazırlanmasını da öz üzərinə götürür.
Layihə çərçivəsində gəmilərin inşası və təchizatı Türkiyədə, Türkiyə müdafiə sənayesi şirkətlərinin geniş iştirakı ilə həyata keçirilir. STM baş podratçılığı ilə inşa olunacaq gəmilərdə ASELSAN tərəfindən hazırlanmış 30 mm MUHAFIZ (Smash) uzaqdan idarə olunan stabilləşdirilmiş top sistemi, CENK 3D axtarış radarı, ARES 2D suüstü radar ED sistemi, “Akrep” atəşi idarəetmə radarı, “Chaff” aldatma sistemi, dost-düşmən tanıma sistemi IFF və digər elektron sensorlar, ROKETSAN tərəfindən hazırlanmış ATMACA gəmi əleyhinə raketi, HAVELSAN tərəfindən hazırlanmış Döyüş İdarəetmə Sistemi (SYS) və 76 mm top atəş idarəetmə sistemi yer alacaq. Uzunluğu 99,56 metr, su tutumu 2500 ton olacaq gəmilər 26 düyün maksimal sürətə, helikopter eniş platformasına və 111 nəfərlik heyət tutumuna malik olacaq.
Ukrayna MİLGEM
STM ilə Ukrayna Müdafiə Nazirliyi arasında 2020-ci il dekabrın 17-də müqavilə imzalanıb və Ukrayna Korvet Layihəsinə başlanılıb. STM baş podratçılığı ilə, texnologiya transferini də əhatə edən Ukrayna Korvet Layihəsi çərçivəsində 2 korvet Türkiyədə inşa edilib. Birinci gəmi “Hetman Ivan Mazepa” korvetinin təməlqoyma mərasimi 2021-ci il aprelin 28-i həyata keçirilib və 2022-ci il oktyabrın 2-si suya buraxılıb.
“Hetman Ivan Mazepa” korveti 2024-cü il mayın 29-u dəniz qəbul sınaqlarına başlayıb. Layihənin ikinci gəmisi “Hetman Ivan Vyhovskyi” korveti isə 2024-cü il avqustun 1-i suya buraxılıb və 2027-ci ildə təhvil verilməsi planlaşdırılır. STM Ukrayna Korvet Layihəsi ilə Türkiyənin Avropaya ilk korvet ixracını reallaşdırıb. Davam edən Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar gəmilərin təhvili ilə bağlı hələlik dəqiqlik yoxdur.
Sevinc Əliyeva
Ordu.az