Ordu.az xəbər verir ki, “Anadolu” Agentliyinin “Texnologiyanın ürəyi SAHA-da döyünəcək” başlıqlı dosyesinin üçüncü xəbərində Türkiyə MSK sədri Haluk Görgünün SAHA 2026 ilə bağlı qiymətləndirmələrinə yer verilib.
Müdafiə sənayesində ekosistem vurğusu
Görgün bildirib ki, Türkiyə müdafiə sənayesində ortaya qoyduğu böyük sıçrayışı güclü mühəndislik qabiliyyəti, yüksək texnologiyaya yönəlmiş AR-GE yanaşması və sahədə əksini tapan məhsul uğurları ilə hər gün daha da irəli aparır. O qeyd edib ki, bu uğur əsas podratçılardan KOBİ-lərə, universitetlərdən tədqiqat infrastrukturlarına və təşəbbüslərə qədər uzanan geniş bir ekosistemin ortaq əməyi ilə böyüyür.
Türkiyə MSK-nin strateji yanaşması
Haluk Görgün bildirib ki, Türkiyə MSK olaraq bu ekosistemi daha rəqabətli, dayanıqlı və davamlı edəcək hər addımı strateji prioritet kimi görürlər və yerli, milli istehsal vizyonunu qətiyyətlə gücləndirirlər.
Klasterlərin rolu
Görgün diqqətə çatdırıb ki, klasterlər yalnız istehsalı böyüdən strukturlar deyil, həm də əməkdaşlığı, birgə inkişafı və beynəlxalq açılımı sürətləndirən güclü platformalardır. O, “SAHA İstanbul” Müdafiə, Aviasiya və Kosmos Klasterinin sektora qazandırdığı dinamizmin maraqlı tərəflərin qlobal miqyasda daha təsirli mövqe tutmasına mühüm töhfələr verdiyini vurğulayıb.
SAHA 2026 detalları
Bu yanaşmanın ən güclü şəkildə nümayiş olunduğu görüşlərdən biri olan tədbirin 2026-cı il mayın 5-9-da İstanbul Sərgi Mərkəzində keçiriləcəyini bildirən Görgün deyib:
“Prezident Administrasiyamızın himayəsində və aidiyyəti qurumlarımızın güclü dəstəyi ilə təşkil olunacaq SAHA 2026 ölkəmizin müdafiə, aviasiya və kosmos sahələrindəki vizyonunu dünya ilə buluşduran strateji vitrin olacaq. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu “Türkiyə Əsri” vizyonu çərçivəsində SAHA 2026 texnoloji müstəqilliyimizi möhkəmləndirən yerli və milli addımlarımızın qlobal görünürlüğünü daha da gücləndirəcək. Bu il sərgimiz “Texnologiyaya hökm et, gələcəyi formalaşdır” şüarı ilə bugünün uğurlarını nümayiş etdirərkən sabahın qabiliyyətlərini də birlikdə müzakirə edəcəyimiz, konkret əməkdaşlıqlara qapı açan güclü zəmin təqdim edəcək”.
İştirak və hədəflər
Haluk Görgün bildirib ki, SAHA 2026-da daha böyük miqyas, daha sıx beynəlxalq təmsilçilik və daha güclü iş inkişafı trafiki hədəfləyirlər. O qeyd edib ki, 100 min kvadratmetrdən çox sahədə 140-dan çox ölkədən 1700-dən artıq iştirakçı şirkəti, rəsmi heyətləri və satınalma heyətlərini qlobal tərəfdaşlarla bir araya gətirəcəklər.
Əməkdaşlıq və kommersiya nəticəsi hədəfi
Sərgi çərçivəsində planlaşdırılmış B2B, G2B və G2G görüşləri ilə təmasların dərinləşəcəyini bildirən Görgün yeni təqdimatlarla yüksək texnologiyalı məhsulların beynəlxalq bazarlardakı görünürlüğünün artırılacağına işarə edib.
İmza mərasimləri və müqavilələr
Təşkilatın əməkdaşlıqları sürətlə konkret nəticələrə çevirən quruluşuna diqqət çəkən Görgün bildirib: “Ötən təşkilatda keçirilən imza mərasimləri və ortaya çıxan müqavilə həcmi bu platformanın iş istehsal etmək qabiliyyətini açıq şəkildə göstərib. SAHA 2026-da 150-dən çox imza mərasimi ilə bu sürəti daha da artırmağı, ortaq inkişaf, təchizat zənciri inteqrasiyası, texnologiya əməkdaşlıqları və ixracata yönəlmiş müqavilələrlə güclü artım əldə etməyi hədəfləyirik. Beynəlxalq iştirakı daha da zənginləşdirən ölkə pavilyonları ilə SAHA 2026 qlobal ekosistemdəki əməkdaşlıq şəbəkələrimizi dərinləşdirəcək, Avropadan Körfəzə, Asiya-Sakit okeandan Şimali Amerikaya uzanan geniş əməkdaşlıq zəminini gücləndirəcək”.
Təcrübə sahələri və tədbirlər
Haluk Görgün qeyd edib ki, SAHA 2026-nın seçilən cəhətlərindən biri texnologiyaya “yaxından təmas” imkanı təqdim edən yeni nəsil təcrübə sahələri olacaq.
FPV pilotsuz uçuş aparatı sahəsi, beynəlxalq yarışlar, pilotsuz quru aparatlarına qarşı mübarizə sahələri və sərgiyə dinamizm qatacaq “World Drone War” kimi tədbirlərə toxunan Görgün bildirib ki, müasir döyüş mühitinin çevrilməsini və sahədəki real ehtiyacları bu platformalarda dəyərləndirəcəklər. Görgün əlavə edib ki, “SAHA Talks” çətiri altında rəqəmsal transformasiya, süni zəka, kiber təhlükəsizlik və ikili istifadə (dual-use) texnologiyaları kimi başlıqlarda keçiriləcək sessiyalar da sektorun rəqabət gündəliyini gücləndirəcək.
Çoxmərkəzli quruluş
Sərginin çoxmərkəzli quruluşuna işarə edən Görgün bildirib ki, İstanbul Sərgi Mərkəzinə əlavə olaraq Ataköy Marina və Sarayburnu ərazilərində dəniz platformaları nümayiş etdiriləcək. Beləliklə, quru, hava, dəniz və kosmos oxunda bütöv texnologiya görüşü ortaya qoyulacaq.
Xalq günü və gənclər
Sərginin texnologiya ilə cəmiyyəti bir araya gətirən tərəfinə də diqqət çəkən Görgün qeyd edib ki, 2026-cı il mayın 8-9-da keçiriləcək “Xalq Günü” çərçivəsində gənclər, ailələr və texnologiya həvəskarları yenilikləri yerində təcrübə edəcəklər.
Son qiymətləndirmə
Görgün bildirib ki, bu görüşü ilham verən bir fərqindəlik zəmini, insan resursunu gücləndirən motivasiya sahəsi və gələcəyin mühəndislərini, tədqiqatçılarını yetişdirən bir “vizyon sərmayəsi” kimi görürlər.
Görgün sözlərini belə tamamlayıb: “MSK olaraq SAHA 2026-nı ixrac hədəflərimizə sürət qazandıran, ortaq istehsal və ortaq inkişaf imkanlarını artıran, texnologiya əməkdaşlıqlarını dərinləşdirən və ekosistemimizi qlobal miqyasda daha rəqabətli edən strateji zəmin kimi dəyərləndiririk. KOBİ-lərimizin və təşəbbüslərimizin beynəlxalq təchizat zəncirlərinə daha güclü inteqrasiyası, investor marağının artması, ixtisaslı insan resursunun inkişafı və universitet-sənaye əməkdaşlığının dərinləşməsi bu platformadan doğacaq ən dəyərli qazanclar sırasında yer alacaq”.
Sevinc Əliyeva
Ordu.az