Niderland 530 ədəd “Hellfire” raketi üçün 200 milyon dollarlıq müqavilə bağladı

2026/04/1776940556.jpg
Oxunub: 308     14:29     23 Aprel 2026    
ABŞ Dövlət Departamenti Hollandiyaya 530 ədəd AGM-114R2 “Hellfire” “hava-yer” raketinin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, ümumi dəyəri 200 milyon dollar olan müqavilə Niderlandın zərbə imkanlarını gücləndirməyi hədəfləyir.

“Lockheed Martin” əsas podratçı

Satış çərçivəsində əsas podratçı kimi “Lockheed Martin Corporation” müəyyənləşdirilib, paketə ABŞ Quru Qoşunlarının Aviasiya və Raket Komandanlığı ilə əlaqədar layihə ofislərindən texniki dəstək də daxil edilib. Həmçinin inteqrasiya, logistika dəstəyi və proqram xidmətlərinin də müqaviləyə daxil olduğu açıqlanıb.

“Apache” və “Reaper” parkları üçün kritik sursat

“Hellfire” raketləri Niderlandın əsas zərbə platformaları olan AH-64E “Apache” zərbə helikopterləri və MQ-9A “Reaper” pilotsuz uçuş aparatlarında istifadə olunur. Niderland Hərbi Hava Qüvvələrinin inventarında 28 ədəd “Apache” helikopteri var və bu platformalar yaxın dövrdə genişmiqyaslı modernizasiyadan keçirilib.

MQ-9A “Reaper” sistemlərinin də “Hellfire” və lazerlə yönləndirilən sursat daşıyacaq şəkildə modernizasiya edildiyi, 2026-cı ildən etibarən yeni platformaların inventara daxil olmasının gözlənildiyi bildirilir.

Artan təchizat miqdarı diqqət çəkir

Niderlandın son raket sifarişi əvvəlki alımlarla müqayisədə əhəmiyyətli artıma işarə edir. Ölkə iki il əvvəl 150 milyon dollar qarşılığında 386 ədəd “Hellfire” raketi tədarük etmişdi. Yeni müqavilə ilə birlikdə tədarük edilən miqdar 530 ədədə yüksəlib.

Bu artımın həm mövcud platforma sayının genişlənməsi, həm də Avropadakı təhlükəsizlik mühitinin dəyişməsi ilə əlaqəli olduğu qiymətləndirilir.

Çoxşaxəli istifadə qabiliyyəti

AGM-114R2 “Hellfire” yarımaktiv lazer idarəetməsi və ətalətli naviqasiya sistemini birlikdə istifadə edir. Təxminən “Mach 1.3” sürətinə çata bilən raket 500 metr ilə 8 kilometr arasında hədəfləri effektiv şəkildə vura bilir.

12,5 kiloqramlıq döyüş başlığı sayəsində zirehli texnikaya, möhkəmləndirilmiş qurğulara və müxtəlif hədəf növlərinə qarşı effektiv olan sistem həm helikopterlər, həm də pilotsuz uçuş aparatları ilə uyğunluğu ilə seçilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Hellfire  


Bizi "telegram"da izləyin