Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, onlar əvvəlcədən parlament rəhbərliyinə müraciət edərək hakimiyyət nümayəndələri ilə görüş keçiriləcək və onları narahat edən suallara cavab alacaqları zal ayrılmasını xahiş etmişdilər. Ötən gün məlum olub ki, parlament onlara 334 saylı zalı verməyə hazırdır.
Qeyd edilir ki, həmin zal müqayisəolunmaz dərəcədə kiçikdir, halbuki iştirak etmək istəyənlərin sayı qat-qat çoxdur. Onlar həmçinin 44 günlük müharibə üzrə istintaq komissiyasının hesabatının da onlara təqdim olunmasını tələb edirlər. Həmin hesabat bu günədək parlamentdə təqdim edilməyib.
Aksiyanın keçirildiyi yerdə olan Ermənistan parlametinin “Şərəfim Var” fraksiyasının deputatı Taquhi Tovmasyan jurnalistlərlə söhbətində təfərrüatları açıqlayıb: “Mən bu hekayədə aralıq həlqə olmuşam, parlament deputatı kimi parlamentin baş katibinə və rəhbərliyə müraciət etmişəm ki, zal ayırsınlar. İndi isə bu gün onlara 334 saylı kiçik zalı veriblər, burada valideynlər fiziki olaraq yerləşə bilməzlər. Əgər sən 190 nəfərlik siyahı təqdim edirsənsə, sənə 50-60 nəfərlik zal verirlər, bunu necə edək, bir-birimizin başında oturaq?
Bundan əlavə, siyasi qərar var ki, heç kim iştirak etməsin, çünki onlar açıq müzakirələrə hazır deyillər. İndiyədək valideynlərlə qapalı formatda danışıblar və bağlı qapılar arxasında nə danışıblarsa, sonra öz sözlərindən imtina ediblər, altı ildir bu insanları belə aldadıblar. İndi isə insanlar bir dəfə açıq və ictimai müzakirə istəyəndə hakimiyyət həmin müzakirədən imtina edir”.
Tovmasyanın sözlərinə görə, bütün bunların məsuliyyəti parlament sədri Alen Simonyan və baş katibin üzərinə düşür.
“Onlar sadəcə valideynlərin dinlənilməsinə, eləcə də söz azadlığına mane oldular. İnsanlar dinlənilməlidir, onların narazılığı əlçatan olmalıdır. Biz bütün qurumları dəvət etmişdik ki, gəlib cavab versinlər, amma heç biri iştirakını təsdiqləmir, heç bir şəkildə ölənlərin, itkin düşənlərin valideynləri ilə əlaqədə olmaq istəmirlər, yəqin ki, deyəcək sözləri yoxdur, qorxurlar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az