İrəvanda 44 günlük savaş mübahisəsi dərinləşir: Keçmiş BQ rəis müavinindən sensasion açıqlamalar

2021/03/77961-1616598792.jpg
Oxunub: 629     15:21     23 Aprel 2026    
“Son günlər müzakirə gündəminə 2020-ci il 44 günlük müharibə günlərində “Qarabağ müdafiə ordusu” (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) ilə Ermənistan Silahlı Qüvvələrinin məsuliyyət payı məsələsi çıxarılıb. Söhbət mühüm istiqamətlərdə müdafiə xəttinin yarılması, Azərbaycan qüvvələrinin taktiki dərinlikdə irəliləyişləri və Şuşanın itirilməsi ilə bağlı məsuliyyətdən gedir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, xüsusilə, buna əsas verən məqamlardan biri aprelin 17-də parlamentdə Ermənistan hökumətinin 2025-ci il proqramının icrasının müzakirəsi zamanı keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın bəyanatı olub. O bildirib ki, 44 günlük müharibə zamanı “Qarabağ müdafiə ordusu”nun 283 km-lik müdafiə zonası olub və onun 265 km-ni bir ay, 2020-ci il oktyabrın 27-dək qoruyub saxlaya biliblər.

Ohanyan Nikol Paşinyana müraciətlə demişdi: “Azərbaycan sizin məsuliyyət zonanızdan yan keçərək gəlib Şuşaya, Laçına və Ermənistan sərhədlərinə , Gorus, Qafan, Mehri sərhədlərinə çatıb. İndi siz deyirsiniz ki, generallar qaçıblar, onlar sizin rəhbərliyiniz altında qaçıblar, gedin və qərar qəbul edin”.

“Daha sonra o, 24TV-yə müsahibəsində bildirib ki, “Qarabağ”ın müdafiə zonasında yarılmaya görə birinci xətt üzrə məsuliyyət “Qarabağ müdafiə ordusu”nun üzərinə düşür. Lakin əgər qarşı tərəf əsas səylərini yarılma zonasına yönəldir və müdafiə zonasına taktiki dərinlikdə daxil olursa, bundan sonra məsələyə müvafiq hərbi birləşmələr və digər qüvvələrlə Ermənistan Silahlı Qüvvələri qoşulur. Yəni Seyran Ohanyanın fikrincə, bu halda qərarlar Ermənistan hakimiyyəti tərəfindən qəbul olunur və əsas məsul şəxs Paşinyandır”, - deyə müəllif bildirib.

Nəşr qeyd edib ki, Seyran Ohanyan bu fikri daha geniş şəkildə hələ 2023-cü ildə “168.am”a verdiyi müsahibədə də səsləndirmişdi.


“Müdafiə ordusu”nun 283 km-lik müdafiə zonası var idi, rəqib iki istiqamətdə, cənubda Hadrut, Cəbrayıl və şimalda Ağdərə istiqamətində zərbə endirmişdi. Cənub istiqamətində rəqib müdafiə xəttini yara bilmişdi. Bu yarılma ilə rəqib Şuşaya qədər 52 km, Mehri, Qafan, Gorus, Qaragöl istiqamətlərinə qədər isə 70-100 km irəliləyə bilmişdi. ... Rəqib elə bir istiqamətdə daxil olub irəliləmişdi ki, həmin istiqamətdə qərarın təsdiqlənməsi Ermənistan rəhbərinin vəzifəsi idi. Şuşa əməliyyatına bütöv müdafiə əməliyyatı kontekstində və həmin yarılma zonasında düşmənin ardıcıl, addım-addım irəliləyişi çərçivəsində baxmalıyıq. Şuşa əməliyyatına ayrıca baxmaq olmaz, onlar heç olmasa Hadrutun meşəlik hissələrində, düşməni dayandırmaq üçün kifayət qədər əlverişli şərait olan zonada onun qarşısını almalı idilər”, - deyə Ermənistanın keçmiş müdafiə naziri izah etmişdi.

“Başqa məsələ budur ki, Seyran Ohanyan son günlər bizim hərbi və ya müharibə əməliyyatları ilə bağlı suallarımıza, o cümlədən Şuşanın müdafiəsi ilə əlaqədar suallara cavab verməkdən yayınıb.

Hadruta, Şuşaya getmək Ermənistan Silahlı Qüvvələrinin 1-ci ordu korpusunun məsuliyyət zonasında olmayıb

Biz çalışdıq ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryanın peşəkar mövqeyini öyrənək”, - deyə məqalədə vurğulanıb.

Xaçatryan cənub istiqamətinə cavabdeh olub və bu günlərdə səslənən fikirlər fonunda yanlış təsəvvürlər yarana bilərdi.

Erməni general deyib: “Hadrut, Şuşa… bir az təsəvvürü olan hər kəs anlamalıdır ki, bunun mənim məsuliyyət zonamla heç bir əlaqəsi olmayıb, ümumiyyətlə heç bir aidiyyəti yoxdur, o zona bundan kənardadır. Hadrutdan Şuşaya gedilən istiqamətin cənub qruplaşması ilə ümumiyyətlə əlaqəsi yoxdur. Siz deyirsiniz ki, Seyran Ohanyan Araz sahilinin adını çəkir və bildirir ki, “Araz çayının yatağı boyunca təxminən 100 km Ermənistan sərhədlərinədək məhz həmin istiqamətdə Azərbaycan hücumunu inkişaf etdirə və Ermənistan sərhədlərinə çata bilib”. Seyran Ohanyan başqa şey deyir, o deyir ki, strateji dərinlikdə müdafiənin təşkili məsuliyyəti Nikol Paşinyanın üzərində idi.

Araz sahili isə, onun dediyi kimi, “Qarabağın 9-cu müdafiə rayonu”nun müdafiə zonası olub və sonadək “Qarabağ müdafiə ordusu”nun tərkibində fəaliyyət göstərib. Ermənistan Silahlı Qüvvələrinin 1-ci ordu korpusuna gəlincə, o, hansı tapşırıq alıbsa, qüvvələri nə qədər imkan veribsə, onları yerinə yetirib. Yarılma, sonra isə irəliləyiş Ermənistan Silahlı Qüvvələrinin 1-ci ordu korpusu ilə bağlı deyil. Hadruta, Şuşaya getmək nə birinci ordu korpusunun məsuliyyət zonası olub, nə də başqa birisinin. Bu, “Qarabağ müdafiə ordusu”nun məsuliyyət zonası olub, “müdafiə ordusu”nun komandanlığı ilə bağlı məsələdir. Başqa məsələ odur ki, onların qüvvələri müqavimət göstərmək, müdafiə etmək və ya təşkilati baxımdan düzgün tapşırıqlar qoymaq üçün kifayət etməyib, ya da nəsə düzgün edilməyib.

Əgər daha detallı desək, əvvəlcə hansısa dayaq məntəqəsi, mövqe, dayaq rayonu olub, sonra “müdafiə ordusu”nun məsuliyyət zonası gəlib, bütün bunlardan sonra isə daha dərində Şuşa yerləşib”, - deyə erməni general izah edib və bir daha təkrar edib ki, Seyran Ohanyan əsas məsul şəxsin ölkə rəhbəri, ali baş komandan olduğunu deyib, yəni o, hansı qərarın altına, belə desək, “imza atdığını” anlamalı idi.

Etiraz olaraq ona xatırladılıb ki, Nikol Paşinyan müxtəlif hallarda özünün hərb sahəsinin mütəxəssisi olmadığını və dar peşəkar məsələləri anlamağa borclu olmadığını bildirib.

Digər tərəfdən, “168.am” yazıb ki, 44 günlük müharibə zamanı Ermənistanda hərbi vəziyyət elan olunmuşdu və bu zaman baş nazir ali baş komandan ola bilməzdi, yəni Baş Qərargah rəisi müdafiə nazirinə tabedir. Tiran Xaçatryan buna belə reaksiya verib: “Əgər mütəxəssis deyildisə, niyə rəhbərlik edirdi? Sualın ikinci hissəsinə gəlincə, o zaman soruşun ki, niyə hər şeyi ona məruzə edirdilər və qərarı da özü verirdi?”.

“Ola bilər, Ermənistan nəsə tələb edib, amma Azərbaycan deyib ki, “uzaqda oynayın”

Nəzərə alsaq ki, Tavus istiqamətində müəyyən mərhələdə sərhədlərin delimitasiya və demarkasiyasının ikinci mərhələsi baş tutmalıdır, siyasətçilərin və ekspertlərin fikrincə isə anklav kəndlərin verilməsi Tavus vilayətinin yalnız daxili kommunikasiyalarını deyil, Tavusdan Baqrataşenə, Ermənistan-Gürcüstan sərhədinə gedən magistral yolu və Gürcüstandan Ermənistana daxil olan qaz kəmərini də zərbə altına qoyacaq, biz Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini ilə söhbətdə Tavuş istiqamətində baş verən prosesləri də diqqətdən kənarda qoya bilməzdik.

Axı 2020-ci il noyabrın 9-10-da imzalanmış üçtərəfli bəyanatdan Tavusla bağlı bəndin çıxarılmasında Tiran Xaçatryanın da rolu olub.

Bu kontekstdə biz Tavus istiqamətində 2019-cu ildə Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun sayəsində əldə olunmuş mövqe yaxşılaşmalarını da yada saldıq. Həmin vaxt hakimiyyət qeyd edirdi ki, “Gürcüstandan Ermənistana daxil olan qaz kəməri, Ermənistan-Gürcüstan avtomobil magistralı, eləcə də Azərbaycanın bir sıra kənd yaşayış məntəqələrinə gedən yollar Ermənistan qüvvələrinin tam nəzarəti altındadır”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, bundan sonra 2020-ci ilin iyulunda döyüş əməliyyatları baş verib.

“2024-cü ildə “168.am”a müsahibəsində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan demişdi: “Tavusda 2020-ci ilin iyul döyüşləri və ondan əvvəl 2019-cu ilin fevral əməliyyatları Ermənistan mövqelərinin möhkəmləndirilməsi strategiyasından irəli gələrək həyata keçirilmişdi”.

Amma iyul döyüşlərindən illər sonra Nikol Paşinyan pilot delimitasiya və demarkasiya prosesi vasitəsilə həmin iyul döyüşlərinin nəticələrini faktiki olaraq məhv etdi”, - deyə “168.am” vurğulayıb.

Tiran Xaçatryan təsdiqləyərək deyib: “Həmin vaxt biz mövqe yaxşılaşdırılması vəzifələrini yerinə yetirmişik”.

“Delimitasiya və demarkasiya prosesinə gəlincə, bu günə qədər öz xeyrimizə heç bir məsələni həll etməmişik, sadəcə qarşı tərəfin irəli sürdüyü tələbləri yerinə yetirmişik. Biz özümüz üçün heç bir məsələni həll etməmişik. Siz haradasa göstərə bilərsinizmi ki, tarixi ədalətin, reallığın bərpası və ya heç olmasa indiki vəziyyətdə vəziyyəti xeyrimizə düzəltmək üçün nəsə edilib? Belə bir şey olmayıb. Və “Gələcəkdə də bizim üçün nəsə həll olunacaq” deyə düşünmək lazım deyil, belə şey olmayacaq. Belə bir şey yoxdur.

Azərbaycan nə deyibsə, nə istəyibsə, onu da alıb. Hətta bizim tərəfdən nəsə təqdim olunubsa belə, əgər doğrudan da nəsə təqdim olunubsa belə, belə demək mümkündürsə, ağzımıza vurub zibil qabına atıblar. Hər halda, bizim üçün heç bir məsələ həll edilməyib, halbuki az deyil, sovet dövrünün sərhədlərinin bərpası baxımından kifayət qədər məsələlər var. Mövcud xəritələrdə bizim xeyrimizə olan, vaxtilə erməni tərəfinə aid olmuş, amma indi bizdə olmayan ərazilər var. Bilmirəm, bəlkə bunları tələb ediblər, amma onlara “uzaqda oynayın” deyilib. Vəziyyət bunu göstərir”, - deyə erməni general bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Xaçatryan  


Bizi "telegram"da izləyin