“Seyran Ohanyan düz deyib, hətta az deyib” – Ermənistan mediasında qalmaqallı etiraflar

2026/04/1776925910.jpg
Oxunub: 507     13:17     23 Aprel 2026    
“Parlamentdə Ermənistan hökumətinin 2025-ci il üzrə fəaliyyətinin müzakirəsi zamanı keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın 44 günlük müharibə ilə bağlı çıxışı müharibədən 6 il sonra böyük rezonans doğurub və artıq bir neçə gündür müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, aprelin 17-də Seyran Ohanyan Paşinyanın dəfələrlə səsləndirdiyi və hökumətin aprelin 2-də keçirilən iclasından sonra yenidən təkrarladığı, Qarabağdan qaçdıqları, aradan çıxdıqları, xüsusilə də “qarınları 3 metr qabağa çıxmış” generallarla bağlı ifadəsinə cavab vermək qərarına gəlib.

O, Paşinyana belə cavab verib: “Müharibə zamanı ölkəni səfərbər etmək, uğurlar qazanmaq, qarşımızda qoyulan vəzifəni yerinə yetirmək üçün heç nə etməmisiniz. Biz isə həmin vəzifəni yerinə yetirməyə qadir olmuşuq. Paşinyan deyir ki, generallar qaçıblar. Parlament rəhbərliyi, deputatlar ora gəlmişdilər və SƏFƏRBƏRLİK resursuna ehtiyac var idi, amma heç olmasa bir neçə saat gedib həmin SƏFƏRBƏRLİK resursu ilə işləməyi özlərinə sığışdırmadılar, qoyub qaçdılar. İndi kim qaçıb, generallarmı qaçıb, yoxsa orada olmuş həmin parlament deputatları?”.

Nəşrin məlumatına görə, ardınca Ohanyan vurğulayıb ki, “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) 283 km-lik müdafiə xətti olub və onun 265 km-ni oktyabrın 27-dək saxlayıblar: “Sizin dediyiniz generalların qaçdığı ərazi ilə bağlı mən hesab edirəm ki, həmin məsuliyyət məhz sizin üzərinizdədir. Əgər qərarı “müdafiə ordusu” qəbul edirsə, onu Baş Qərargah və ya “Qarabağ rəhbəri” təsdiqləyir, əgər söhbət bir neçə hərbi birləşmədən, “müdafiə ordusu”ndan və Ermənistan hərbi birləşmələrindən gedirsə, o zaman qərarı Baş Qərargah rəisi qəbul edir, təsdiqi isə siz verirsiniz. Azərbaycan sizin məsuliyyət zonanızdan yan keçərək Şuşaya, Laçına və Ermənistan sərhədlərinə, Gorus, Qafan və Mehriyə qədər gəlib çatıb”.

Müəllif bildirib ki, Ohanyanın çıxışından sonra Rusiya media maqnatı Aram Qabrielyanov sosial şəbəkədə paylaşım edərək Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanla görüşünün təfərrüatlarını ictimailəşdirib.

“Bu görüş “İsgəndər”in tətbiq olunub-olunmaması və Şuşanın təhvil verilməsi ilə bağlı idi. Üstəlik, o, ilk dəfə deyil ki, Şuşanın Paşinyanın əmri ilə təhvil verildiyini bildirir. Uzunmüddətli susqunluqdan sonra isə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan yuxarıda qeyd olunan bəyanatlara münasibət bildirməyə qərar verib: “Təklif edirəm ki, parlamentdə 2020-ci il müharibəsi və müharibədən sonrakı hadisələrlə bağlı qapalı formatda müzakirə təşkil olunsun, müzakirəyə həmin dövrdə siyasi və hərbi əsas vəzifələrdə olmuş şəxslər, eləcə də dövlət və xidməti sirr təşkil edən məlumatlara çıxış icazəsi olan siyasi və ictimai xadimlər, habelə ölmüş və itkin düşmüş hərbçilərin yaxınları cəlb edilsin. Reallıqla üz-üzə gəlməyin və dövriyyədə olan bütün yalanları, əsassız manipulyasiyaları dağıtmağın vaxtıdır. Silahlı qüvvələrə aid hissə üzrə ətraflı və çoxşaxəli əsaslandırılmış təhlil təqdim etməyə hazıram”.

Bir çoxlarında obyektiv sual yaranıb: Baş Qərargahın keçmiş rəisi 44 günlük müharibə üzrə istintaq komissiyasında iki gün, təxminən 10 saat davam edən dindirmə zamanı nəyi deməyib? Ümumiyyətlə, niyə o, 6 il boyunca susub və məhz indi danışmağa qərar verib, özü də qapalı formatda, halbuki müxalif siyasətçilər, itkin düşmüş və ölmüş hərbçilərin yaxınları, cəmiyyət fəaliyyətdə olan hakimiyyətdən 44 günlük müharibə üzrə hesabatın açıqlanmasını tələb edir?

“İlk təəccüb doğuran məqam odur ki, müharibənin ağır mövzusu 6 ildir gündəmdədir və məhz indi Qasparyanı narahat etməyə başlayıb”, - deyə “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan bildirib. Bəzi qiymətləndirmələrə görə, əslində bu mövzu ilk növbədə Nikol Paşinyanı narahat edir, o anlayır ki, seçkilərə bir ay yarım qalmış bu, onun xəyanəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirmək üçün ən münasib vaxt deyil”, - deyə məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, buna görə də Paşinyan bütün cəbhələrdə həm Onik Qasparyanın bəyanatında ifadə olunduğu kimi, “bütün yalanları və əsassız manipulyasiyaları”, həm də Seyran Ohanyanın dediklərini təkzib etməyə çalışır.

Ləğv edilmiş qanunsuz “hərbi birləşmə”nin keçmiş komandanı Movses Hakopyan isə əksinə, Seyran Ohanyanı dəstəkləyir və Onik Qasparyana etiraz edir. “Seyran Ohanyan nə bəyan edibsə, düz deyib, hətta az deyib. Nikol Paşinyanın məsuliyyəti yalnız Şuşanın təhvil verilməsi ilə məhdudlaşmır, bütün məsələlərə, müharibədəki məğlubiyyətə görə də məsuliyyət onun üzərindədir. Seyran Ohanyandan soruşun, o, hər şeyi ətraflı deyəcək”, - deyə o, nəşrə açıqlamasında qeyd edib.

Bununla belə, Onik Qasparyanın niyə təkzib etməyə və bununla yanaşı məsələləri qapalı formatda aydınlaşdırmağa qərar verdiyi barədə Hakopyan cavab verməkdə çətinlik çəkib. Paşinyanın generalların müharibədən qaçdığı, aradan çıxdığı barədə bəyanatına münasibət bildirən Hakopyan deyib: “Yaxşı edir, lap gözümüzü də çıxarır... əgər ölkə rəhbəri odursa, deməli, yaxşı edir”. Bəs Paşinyanın ölkə rəhbəri olmaması üçün özünün nə etdiyi sualına Hakobyan cavab olaraq bildirib: “Ona səs verməmişəm... bu, kifayət qədər çoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin