Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri “Qədim İrəvan”dan Avropa Məhkəməsinə: Ceyms Tufenkyan Ermənistana qarşı” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, şikayətin predmeti Buzand küçəsi 32 ünvanındakı əmlakdır.
“Həmin əmlak hələ 2000-ci illərin əvvəllərində “Qədim İrəvan” layihəsinə daxil edilsə də, indiyədək orada heç bir iş görülməyib. Ceyms Tufenkyan 25 ildir həmin ərazidə hotel biznesinə başlaya bilmir.
“Tufenkyan Trans Kavkazus” MMC-nin (şirkətin hüquqi varisi hazırda JFT MMC-dir, səhmdarları Ceyms Tufenkyan (10 faiz) və “Tufenkyan Holdings” MMC-dir (90 faiz)) 2023-cü ilin fevralında İrəvan şəhərinin birinci instansiya ümumi yurisdiksiya mülki məhkəməsinə Ermənistana qarşı (Maliyyə Nazirliyi timsalında) müraciət etdiyi bildirilir.
Şirkət hökumətin qərarları, hərəkətləri və hərəkətsizliyi nəticəsində Buzand küçəsi 32 ünvanının sahibi olan “Tufenkyan Trans Kavkazus” MMC-nin fundamental hüququnun pozulduğunun təsdiq edilməsini, həmçinin Ermənistan Respublikasından şirkətin xeyrinə 2 milyon dram məbləğində vəsaitin tutulmasını istəyib. Bu məbləğ şirkətin mülkiyyət hüququnun pozulması və bununla bağlı mənəvi iztirab nəticəsində yaranmış qeyri-maddi zərərin əvəzi kimi tələb olunub”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, 2025-ci il martın 25-də məhkəmə “Tufenkyan Trans Kavkazus” MMC-nin iddiasını rədd edib.
“Bundan sonra şirkət Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya instansiyası iddianı təmin edib və işi tam həcmdə yenidən baxılması üçün aşağı instansiyaya qaytarıb.
Şirkət eyni zamanda İnzibati Məhkəməyə müraciət edərək hökumətin 2022-ci il noyabrın 24-də qəbul etdiyi qərara etiraz edib. Həmin qərarla “Qədim İrəvan” layihəsinin icra müddəti daha bir il, 2023-cü ilədək uzadılmışdı. Bu məhkəmə işində məhz müddətin uzadılmasının qanuniliyinə etiraz edilirdi. Şirkətin nümayəndəsi, vəkil Mikayel Danielyanın sözlərinə görə, bu qərar əsaslandırılmayıb.
Üç məhkəmə instansiyasını nəticəsiz keçdikdən sonra “Tufenkyan Trans Kavkazus” MMC 2025-ci ilin aprelində Konstitusiya Məhkəməsinə müraciət edib. Şirkət burada “İctimai üstün maraqların təmin edilməsi məqsədilə mülkiyyətin özgəninkiləşdirilməsi haqqında” qanunu, həmçinin müddətləri uzadan 2018 və 2022-ci illər hökumət qərarlarını mübahisələndirib”, - deyə məqalədə vurğulanıb.
Müəllif yazıb ki, Ermənistan Konstitusiya Məhkəməsi 2025-ci ilin dekabrında əsassız hesab edərək iş üzrə icraata xitam verib.
“Daxili məhkəmə instansiyaları başa çatdıqdan sonra Tufenkyanın nümayəndələri 2026-cı il fevralın 26-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər. Onlar konvensiya hüquqlarının, bu halda mülkiyyət hüququnun, ədalətli məhkəmə araşdırması hüququnun, səmərəli hüquqi müdafiə vasitəsi hüququnun və ayrı-seçkiliyin istisnası hüququnun pozulmasının tanınmasını istəyiblər.
Xatırladaq ki, iş adamı Ceyms Tufenkyana məxsus “Tufenkyan Trans Kavkazus” MMC həmin ərazini hələ 2000-ci ildə əldə etmişdi. İki il sonra hökumətin qərarı ilə ictimai üstün maraq elan edilən ünvanlar siyahısına Buzand küçəsi 32 də daxil edilib və əmlak üzərinə həbs qoyulub.
Bu ərazi İrəvanın baş prospektinin Abovyan-Pavstos Buzand, Yeznik Koğbatsi və Arami küçələri ilə əhatə olunan hissəsinə daxil edilib. Burada “Qədim İrəvan” layihəsi tikilməli idi. Bununla da şirkət hər hansı fəaliyyət göstərmək imkanını itirib.
Sonrakı dövrdə ictimai üstün maraqla bağlı digər qərarlar da qəbul edilib, əmlak üzərində həbs daim qüvvədə qalıb, lakin “Qədim İrəvan” layihəsi belə də tikilməyib.
Tufenkyanın vəkili Mikayel Danielyan bildirir ki, şirkət ağlabatan kompensasiya müqabilində əmlakı tikinti şirkətinə verməyə hazır idi və indi də buna qarşı deyil.
Tikinti şirkəti isə Marseldə Ermənistanın keçmiş fəxri konsulu, İsveçrənin “Frank Muller” saat brendinin həmtəsisçisi, “Armswissbank” və “Artsakhbank”ın iri səhmdarı olan iş adamı Vartan Srmakesə məxsus “Old City” QSC-dir”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilib ki, tikinti şirkəti 2022-ci ilədək əmlakın özgəninkiləşdirilməsi məqsədilə heç bir danışıqlar prosesinə başlamadığı üçün Tufenkyan hüquqi proses başlamaq qərarı verib.
“2023-cü ilin aprelində şirkət nəhayət tikinti şirkətindən əmlakın 642 milyon drama alınması barədə yazılı təklif alıb. Bu məbləğə qanunla nəzərdə tutulan 15 faiz əlavə və vergilər də daxil idi.
Kiçik Mərkəzdə yerləşən Buzand küçəsi 32 ünvanı 693 kvadratmetr ərazini əhatə edir. Vəkil Danielyan bildirir ki, həmin ərazinin 1 kvadratmetrinin 4000 dollardan aşağı qiymətləndirilməsi mümkün deyil.
Hələ 2019-cu ildə şirkət lisenziyalı “Ekspert Otsenka” MMC-yə qiymətləndirmə sifariş etmişdi. Şirkət əmlakı bütövlükdə 834 milyon dram dəyərində qiymətləndirmişdi. Buna “İctimai üstün maraqların təmin edilməsi məqsədilə mülkiyyətin özgəninkiləşdirilməsi haqqında” qanunda nəzərdə tutulan 15 faiz əlavə və vergilər əlavə edildikdə kompensasiya məbləği 1 milyard 350 milyon drama çatır.
Yeni qiymətləndirmə - yeni dəyər
Bu ilin fevralında Tufenkyan yeni qiymətləndirmə sifariş edib. “Kriminalist Məhkəmə və Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin yeni rəyinə əsasən, Buzand küçəsi 32 ünvanındakı daşınmaz əmlakın bazar dəyəri fevralın 20-si vəziyyətinə 1 milyard 77 milyon 500 min dram təşkil edib”, - deyə müəllif yazıb.
Nəşr vurğulayıb ki, buna üstün maraq haqqında qanunda nəzərdə tutulan 15 faiz əlavə də gəlir və məbləğ 1 milyard 239 milyon drama yüksəlir.
“Əlavə dəyər vergisi 247 milyon 825 min dram, daha 233 milyon dram isə mənfəət vergisidir. Beləliklə, yeni qiymətləndirməyə görə əmlakın dəyəri tikinti şirkətinin təklifindən ciddi şəkildə fərqlənir.
“Old City” QSC-nin nümayəndəsi Hayk Davtyan bizimlə söhbətində bildirmişdi ki, Tufenkyan öz əmlakını fəaliyyət göstərən kompleks kimi qiymətləndirib, buna görə də rəqəmlər fərqlənir.
Lakin bizə təqdim olunan rəyə əsasən, əmlak torpaq sahəsi və dördüncü dərəcəli qəzalı tikili ilə birlikdə mövcud vəziyyətdə qiymətləndirilib”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az