Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri “Məmurları biznes təyyarəsi ilə daşımaq üçün dövlət büdcəsindən minlərlə dollar Sukiasyanların şirkətinə” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, təkcə baş nazirin müavini Qriqoryanın nümayəndə heyətinin Qazaxıstana aparılması və geri qaytarılması üçün Sukiasyanlara məxsus “FlyOne Armenia” MMC Ermənistan dövlət büdcəsindən 28.600.000 dram alıb (vergilər daxil).
“Mərkəzi Bankın hazırkı məzənnəsi ilə bu məbləğ təxminən 77 min dollara bərabərdir. Aviaşirkətin Vahaqn Xaçatryanı Gürcüstana aparıb geri qaytarmaqdan nə qədər qazandığını isə prezident administrasiyası açıqlamır.
İrəvan-Tbilisi-İrəvan - dövlət yox, özəl təyyarə ilə
Martın 22-də Vahaqn Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfərlə İrəvandan Tbilisiyə uçub. Məqsəd Bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək idi”, - deyə müəllif bildirib.
Nəşrə görə, Ermənistan prezidentinin rəsmi saytının yaydığı fotolarda görünür ki, Xaçatryanı təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Ermənistan səfiri Aşot Smbatyan müşayiət edib.
“Dəfn mərasimində iştirakdan əlavə, Tbilisidə Vahaqn Xaçatryan Gürcüstan prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirib.
Ermənistanın yüksəkvəzifəli məmurlarına, xüsusilə prezident və baş nazirə Ermənistan hökumətinin rəsmi bortu xidmət göstərir. Bu, VIP təyyarə olan “Airbus” A319 ACJ tipli hava gəmisidir. 1998-ci ildə istehsal edilən bu təyyarə Ermənistanın mülkiyyətidir və ölkədə 2007-ci ildən istismar olunur.
Baş nazirə xidmət edən dövlət bortunun reysləri hazırda FIE4001, prezident üçün FIE4002, digər vəzifəli şəxslər üçün (məsələn, parlament sədri, xarici işlər naziri) isə FIE4003 nömrələnir. FIE 2023-cü ilin sentyabrından dövlət təyyarəsini istismar edən “FlyOne Armenia”nın kodudur, rəqəm isə uçuşdan faydalanan vəzifəli şəxsi göstərir”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az