Rus KİV-i: Analitiklər Ermənistandakı seçkilərlə bağlı həyəcan təbili çalırlar

2026/04/1776849312.jpg
Oxunub: 669     17:45     23 Aprel 2026    
“ABŞ-nin ekspert dairələri İran müharibəsi səbəbindən ABŞ-nin Cənubi Qafqaza daha az diqqət ayırmasından getdikcə daha çox narahat olurlar. Bu nə deməkdir?”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Rybar.ru” nəşri yazıb.

“Məsələn, “Turan” tədqiqat mərkəzi məqalə dərc edib ki, Rusiya Ermənistana qarşı “hibrid müharibə” aparır.

Müəllif Cozef Epşteyn kifayət qədər açıq danışır: Vaşinqton İran müharibəsinə aludə olaraq yaxın seçkilərdən sonra Ermənistanı itirmək riski ilə üz-üzədir.

Bu halda Orta Dəhlizin bir hissəsi olan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi pozulacaq. Həmin layihə digər məsələlərlə yanaşı, Mərkəzi Asiyadan resurs ixracına nəzarəti təmin edəcək.

Buna görə də Epşteyn ABŞ hökumətini Ermənistana diqqəti artırmağa çağırır, əks halda amerikalıların regiondakı qlobal planları təhlükə altına düşəcək.

Maraqlıdır ki, “Turan” tədqiqat mərkəzi Ermənistan və İranı da əhatə edən “Turan” adlı termini istifadə edir. Bu anlayış ümumilikdə dominant Türkiyə-Azərbaycan tandeminin təmsil olunduğu Türk Dövlətləri Təşkilatı ideologiyasına uyğundur.

Turan mərkəzi “Yorktown Institute” himayəsi altında fəaliyyət göstərir. Bu institut ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti Seth Cropsey tərəfindən yaradılıb. O, Avrasiyada Rusiya, Çin və İrana qarşı mübarizəni nəzərdə tutan ABŞ “böyük strategiyası”nın tərəfdarıdır”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, son həftələrdə TRIPP ətrafında qeyri-müəyyənliklə bağlı nəşrlərin sayı xeyli artıb.

“Nəzərə alsaq ki, İranda müharibə, yumşaq desək, asan getmir, analitiklər Cənubi Qafqazda ABŞ mövqeyi və Ermənistandakı seçkilərlə bağlı həyəcan təbili çalırlar.

TRIPP-in həyata keçirilməsinin uğursuzluğu Ermənistan-Azərbaycan münaqişəsində ABŞ vasitəçiliyinin kartlarını qarışdırır.

Eyni zamanda Vaşinqton artıq təhlükəsizlik zəmanətləri verə bilməyib, layihə isə başlanğıcdan Trampın PR gedişi idi, yaxşı düşünülmüş ideya deyildi.

Ona görə də Ermənistandakı seçkilər ərəfəsində mediada bu mövzu ətrafında isteriya təəccüblü deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Seçki  


Bizi "telegram"da izləyin